Ermənistan yaxın keçmişdə etdiyi cinayətlərin hesabını verməlidir
05 Aprel 2011 Çərşənbə Axşamı 15:40
Onur Öymən: “Ermənistan yaxın keçmişdə etdiyi cinayətlərin hesabını verməlidir


İstanbul. Mais Əlizadə - APA. “Ermənilər diqqəti 96 il əvvələ çəkərək yaxın keçmişdə törətdikləri faciələri unutdurmaq istəyirlər. Dünyanın diqqət göstərməli olduğu əsas məsələ 96 il əvvəl baş verən hadisələr deyil, bu gün olanlardır. Hazırda Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Bir milyon insan yerindən-yurdundan olub. Bütün bunlar hamının gözünün qabağında baş verərkən diqqətləri 90-100 il əvvələ çəkməyə çalışmaq boş cəhdlərdir”. Bu sözləri APA-ya açıqlamasında ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının Bursa millət vəkili, təcrübəli diplomat Onur Öymən deyib.

O. Öymən bildirib ki, Ermənistan yaxın keçmişdə etdiyi cinayətlərin hesabını verməlidir: “ASALA terrorçularının türk diplomatlarını şəhid etməsini unutmadıq. Ermənilər öz lobbiləri vasitəsilə külli miqdarda pul xərcləyərək Türkiyəni hədəf halına gətirməyə çalışırlar. Ancaq Türkiyə onların gücünün çatmayacağı qədər böyük və güclü bir ölkədir. Siz buradakı daxili mübahisə və müzakirələrə fikir verməyin, türk milləti bu cür suçlamalara və böhtanlara meydan verməyəcək qədər böyük və güclüdür. Biz Ermənistanla haqq-hesab çəkməyi də bilirik. Cümhuriyyət Xalq Partiyası bu istiqamətdəki mübarizəsini davam etdirəcək. Baxın, biz ilyarım əvvəl Sürix protokollarının imzalanmasının səhv olduğunu demişdik. Hər halda hökumət öz səhvini qəbul etdi ki, təsdiq üçün parlamentə gətirə bilmədi. Ermənilər işğal etdikləri torpaqlardan çıxmadan, Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə həll edilmədən və azərbaycanlı qardaşlarımız öz ata-baba torpaqlarına qayıtmadan Ermənistanla hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar