“Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir”
23 Avqust 2011 Çərşənbə Axşamı 02:20
“Danışıqlar onlara vaxtı uzatmaq, beynəlxalq birliyin gözünə kül üfürmək üçün lazımdır”
Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Trend”ə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyanın Sevanda "Birgə" gənclər hərəkatının qurultayında söylədiklərinə münasibət bildirib.

“İngilis filosofu Con Toland deyib: “Yalan nə qədər qədimdirsə, bir o qədər təhlükəlidir. Deməli, o, dərin kök atıb”. Əsrlər boyu erməni xalqına “Böyük Ermənistan”ın mövcud olması və həmin “Böyük Ermənistan”ın müasir Türkiyə, Azərbaycan, Gürcüstan, İran və digərlərinin ərazisini tutduğu barədə ideya təlqin olunub. Daim kiminsə himayəsi altında olmağa üstünlük verən ermənilər öz rəhbərlərinin avantürist və absurd iddialarının girovuna çevriliblər”, - deyən Novruz Məmmədov qeyd edib ki, onlar riyakarcasına bu torpaqların ermənilərə məxsus olduğunu, ermənilərin əsrlər boyu orada yaşadıqlarını bəyan ediblər. Ermənistanın indiki prezidenti isə hətta ermənilərin bu torpaqlara köçüb gəldiklərini sübut edən çoxsaylı arxiv materiallarına, XIX əsrin əvvəlinə və ortalarına aid sənədlərə məhəl qoymur.

“Bu çar dekretləri, köçürülmə barədə əmrlər Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin arxivlərində qorunub saxlanılır”, - deyə PA rəsmisi bildirib.

Novruz Məmmədov deyib: “Serj Sarkisyan “tarix və zaman göstərdi ki, kim qorxur, kim avantüristdir, kim qala və qaça bilər, kim vətən yolunda həlak olmağa hazırdır” dedikdə haqlıdır. Yalnız öz həmvətənlərinin beyinlərini dumanlandırmaq lazım deyil, düşünürəm ki, heç mümkün də deyil. Çünki görünür, ermənilər “vətən yolunda həlak olmaq” üçün dünyanın hər yerinə səpələniblər, Ermənistanda isə qaçmağı çox istəyən, lakin vəsait olmadığı üçün hələ qaça bilməyənlərdən ibarət cüzi hissə qalıb”.

O qeyd edib ki, kimin avantürist olduğuna gəldikdə, çox təəssüf ki, Sarkisyan lazımınca dərk etmir ki, bu tarix ərzində erməni xalqı ilə baş verənlər onun rəhbərlərinin bu gün də davam edən avantürist əməllərinin nəticəsidir.

“Bir şey təəccüb doğurur: rəhbərlər də, alimlər də, ümumiyyətlə, erməni cəmiyyətinin bütün savadlı hissəsi ermənilərin keçmişi barədə əfsanənin tamamilə saxtalaşdırıldığını və tarixə belə yanaşmanın səmərəli olmadığını gözəl bilirlər, lakin onlar yenə də öz iddiaları naminə bu yolla getməkdə davam edirlər”, - Novruz Məmmədov bildirib.

PA rəsmisi deyib ki, Ermənistan rəhbərliyinin bu münaqişənin nizamlanmasını istəmədiyinə bir daha əmin olub. Onun sözlərinə görə, görünür, mövcud status-kvo onları qane edir. Danışıqlar onlara vaxtı uzatmaq, beynəlxalq birliyin gözünə kül üfürmək üçün lazımdır: “Bəli, mən həm də əminəm ki, vaxt gələcək və biz məsələnin həllinin açarını tapacağıq və bu açar ermənilərin bu proseslərdəki davranışlarına adekvat olacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar