Ermənilərin vurduğu Şəlalə Tağıyeva evə buraxıldı
05 Avqust 2014 Çərşənbə Axşamı 22:28
Ermənilərin vurduğu 15 yaşlı Şəlalə Tağıyeva evdə müalicə olunacaq.
Ermənistanın kəşfiyyat-təxribat qruplarının Azərbaycan silahlı qüvvələrinin postlarına hücumları nəticəsində 13 şəhidimizi itirməklə yanaşı, erməni silahlı qüvvələrinin gülləsi mülki şəxsə də tuş gəlib. Gədəbəyin Ermənistanla həmsərhəd kəndində 9-cu sinif şagirdi həyətdə oynayarkən erməni tərəfinin açdığı atəş nəticəsində yaralanıb.

ANS TV-nin məlumatına görə, qoşunların təmas xəttində Gədəbəyin Şınıx bölgəsində ermənilərin açdığı atəş nəticəsində ayağından güllə yarası alan 15 yaşlı Şəlalə Tağıyeva xəstəxanadan evə buraxılıb. Rayon mərkəzi xəstəxasından verilən məlumata görə, onun vəziyyəti yaxşıdır. Müalicəsi evdə davam etdirilir. Düşmənin gülləsinə tuş gələn Gədəbəyin Göyəlli kənd sakini Şəlalə hadisəni belə xatırlayır.

Göyəlli kənd sakini Şəlalə Tağıyeva deyir ki, “Həyətdə qardaşlarımla oynayırdım, birdən ermənilər atəş açdılar, güllə ayağımdan dəydi”.

Şınıx bölgəsi Ermənistanla sərhəddə yerləşir. Buradakı Göyəlli, Arabaçı Qaravəlllər, Mormor, Göyəmli, Dördlər və Mutudərə kəndləri tez-tez ermənilər tərəfindən atəşə tutulur. Yerli sakinlər deyir ki, atəşkəs xüsusi ilə axşam saatlarında pozulur. Son günlərdə isə atışma daha da intensivləşib.

Kənd icra nümayəndəliyindən verilən məlumata görə, düşmən yüksəklikdəki hərbi postlardan ərazini nəzarətdə saxladığından yerli əhali kəndə məxsus örüş sahəsindən də istifadə edə bilmir.

Yerli sakin Ələddin Qurbanov isə deyir ki, 1431 nəfərin yaşadığı kənddə sakinlər atəşə tutulmağına baxmayaraq indiyədək bu əraziləri tərk etməyiblər. Kənd müharibədə 11 şəhid verib. Milli qəhrəman Aytəkin Məmmədov da bu Göyəllilərin həmyerlisidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar