Erməni tərəfindəki ac gəmiricilər Ağdama daraşıb
05 Aprel 2010 Bazar Ertəsi 17:10
Ergi düzündə fövqəladə vəziyyət elan olunub.
Ermənilərin işğal altındakı ərazilərdə törətdiyi yanğınlar nəticəsində kütləvi sürətdə Azərbaycanın nəzarətində olan sahələrə keçən siçanlar taxıl əkilən sahələrə ziyan vurub. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, gəmiricilər əsasən cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində daha geniş yayılıb. Ağdam rayonunun Çəmənli kəndinin əkinə yararlı torpaqlarının yarıdan çoxu gəmiricilərin işğalına məruz qalıb.
Fermer Mobil Quliyev deyir ki, Çəmənli kəndinin yuxarı hissəsində ermənilərlə sərhəd olan yerlərdə taxıl sahələri tamamilə məhv dərəcəsindədir: "Mənim 12 ha taxıl sahəm var, 2 ha-da yenidən soğan əkmişəm, ərazi tamamilə məhv olmuşdu".
Fermerlərin sözlərinə görə, bitkinin gövdəsini kəsən gəmiricilər onun inkişafını dayandırır. Nəticədə isə məhsuldarlıq aşağı düşür. Fermer Elman Şahverdiyev bildirir ki, aprel ayında taxılın hündürlüyü 30 sm olmalıdır, ancaq hündürlüyü 10-15 sm-dir. Taxılın sıxlığı da yoxdur.
Elman Şahverdiyev isə deyir ki, onlar həmişə 30-35 sentner məhsul götürüblər. İndi isə 10-15 sentner götürəcəklərinə də inanmırlar.
Artıq bir neçə dəfə gəmiricilərə qarşı kimyəvi mübarizə aparılsa da tam nəticə əldə etmək mümkün olmayıb. Rayon icra hakimiyyətinin göstərişi ilə əhaliyə dərman paylanıb. Artıq fermerlər sahələrə 4 dəfə dərman vursalar da xeyri olmayıb.
Ağdam rayon icra hakimiyyətindən verilən məlumata görə, siçanlar taxıl sahələrinə ermənilərin nəzarətində olan ərazilərdən keçir. Ağdam rayon icra hakimiyyəti başçısının müavini Allahverən Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, ermənilər tərəfdə əkin biçin aparılmır, ərazilər dəmyə qalır. Belə yerlər isə ziyanvericilərin artması üçün əlverişlidir. Ac qalan gəmiricilər, harda yem, yaşıllıq varsa, ora hücum edirlər.
Allahverən Əliyevin sözlərinə görə, bu il Ağdamda 28 min sahədə əkin aparılıb. Bunun da 21 min ha-ı dənli bitkilərdir. Taxıl əsasən Ergi düzü adlanan ərazidə əkilib və kütləvi halda gəmiricilərin hücumuna məruz qaldığından bu ərazidə fövqəladə vəziyyət elan olunub. Belə ki, adətən taxıl sahəsində 80 gəmirici yuvası varsa, bu, kritik hədd hesab olunur. Burda isə elə sahələr var ki, 200 yuvaya rast gəlinir.
İcra başçısının müavini onu da bildirdi ki, kütləvi şəkildə aparılan mübarizə nəticəsində gəmiricilərin yayılmasının qarşısını qismən almaq mümkün olur:
"Biz dərmanlamaya dərhal başladıq və kütləvilik təşkil etdik. Məsələn, Qaradağlı kəndində beş-altı yüz payçı varsa, onun 400-ü eyni saatda dərmanlanmağa başladı. Biz suvarmanı da təşkil etdik. Əvvəl dərmanlama sonra suvarma. Belə olanda daha effektli olur".
Ağdam rayon icra hakimiyyətindən verilən məlumata görə, hazırda rayonun əkin sahələrinin yarıdan çoxuna gəmiricilər sirayət edib. Siçanların yayıldığı sahələrdə isə məhsul itkisi ən yaxşı halda 10%-dən aşağı olmayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: