Ərizələrin baxılmamış saxlanılması məsələsində nöqsanlar var
01 Aprel 2011 Cümə 02:05
Yerli məhkəmələrə qanunvericilik normalarının düzgün və eyni cür tətbiq edilməsi tapşırılıb
Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib. Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev Plenum iclasını açaraq bildirib ki, fiziki və hüquqi şəxslər qanunla qorunan hüquq və azadlıqlarını, digər pozulmuş hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər: “Ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada məhkəmə qərarı ilə yol verilir. Ərizənin icraata qəbul edilməsi, işin məhkəmə baxışına hazırlanması mərhələlərində onun baxılmamış saxlanılması qanunla qadağandır”.

Məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyini şərh edən Ali Məhkəmənin sədri vurğulayıb ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsində təsbit olunmuş “ədalətli məhkəmə hüququ” özündə işə müəyyən müddətdə baxılması, əsassız yubanmalara və süründürməçiliyə yol verilməməsi tələblərini də nəzərdə tutur.

Plenumda “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” məsələ geniş müzakirə edilib. Müəyyən olunub ki, ərizənin baxılmamış saxlanılması ilə əlaqədar məhkəmələr Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində müəyyən olunmuş normaları əsasən düzgün tətbiq edirlər. Bununla belə məhkəmələr tərəfindən ərizənin baxılmamış saxlanılması ilə əlaqədar vətəndaşların və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində müəyyən xarakterli nöqsanlara yol verilməsi hallarına təsadüf edilir.

Plenumda ərizənin baxılmamış saxlanılması ilə əlaqədar qanunvericilik normalarının düzgün və eyni cür tətbiq edilməsini, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək məqsədilə məhkəmələrə müvafiq tövsiyələr verilməsi barədə qərar qəbul olunub.

Plenumda konkret mülki işlərə də baxılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar