Bəlli olduğu kimi NATO Azərbaycanın karbohidrogen ehtiyatlarının nəql olunduğu kəmərlərin təhlükəsizliyini təmin etməyə hazırdır. Qurumun bu niyyətini Bakıda keçirilən NATO enerji təhlükəsizliyi və ehtiyatlar konfransında NATO təmsilçiləri açıqlayıblar. Rəsmi Bakı bu məsələnin gələcəkdə müzakirə mövzusu olacağını istisna etmir.
Toplantıda enerji təhlükəsizliyində mümkün risklərin qiymətləndirilməsi və idarə olunmasına dair məruzə ilə çıxış edən Dövlət Neft Şirkəti NATO-nun enerji təhlükəsizliyinin təminatı ilə bağlı hansı tədbirlər görməsini müvafiq konsepsiya formalaşdırıldıqdan sonra məlum olacağını bəyan edib. Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidentinin müşaviri Eldar Şahbazovun sözlərinə görə, hazırda Azərbaycanın 4 enerji kəməri işləyir və onların təhlükəsizliyinin qorunması vacibdir. Risklər artdıqca təhlükəsizlik tədbirlərinin gücləndirilməsi də zəruridir.
«İstesalçı və istehlakçı arasında risklərin müəyyən səviyyədə olması texnolojiyası şərh olundu, qiymətləndirildi. 4 kəmərin paralel işləməsi və dünya bazarına çıxarılması ondan irəli gəlir ki, enerjiyə olan ehtyiac get-gedə artır»,- deyə E.Şahbazov vurğulayıb.
Şirkət rəsmisinin sözlərinə görə, gələcəkdə enerji təhlükəsizliyində mümkün risklərin öyrənilməsi üçün informasiya bankı yaradılacaq və qiymətləndirmələr daha dəqiq aparılacaq.
Alyansın seminarında iştirak edən Türkiyə Xarici İşlər Nazirliyinin enerji, su və ekologiya departamentinin müdir müavini Vural Altay isə deyir ki, NATO-nun enerji təhlükəsizliyi konsepsiyası üzv və tərəfdaş ölkələrin milli təhlükəsizlik mexanizmlərini tamamlamalıdır. Türkiyə rəsmisi regional neft-qaz kəmərlərinin mühafizəsi məsələsinə də toxunub: «Bu, ölkələrin milli təhlükəsizliynin tərkib hissəsidir. Bir ölkə öz torpağında boru xətlərini qoruya bilməyəcəyini düşünürsə, NATO-dan kömək istəyərsə, qurum bunu dəyərləndirə bilər. Amma bu dönəmdə NATO-nun öz təklifləri olmayıb».
Ölkəsinin Xəzər dənizi və İraqın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında körpü rolunu oynadığını deyən Vural Altay dünya iqtisadi böhranının regiondakı iqtisadi layihələrə təsir etmədiyini bildirib. Buna səbəb isə Avropada enerjiyə olan tələbatın getdikcə artmasıdır: «İqtisadi böhran dövründə tələbatda bir qədər azalma var. Məsələn, qaz istehlakı 15 faiz azalıb. Amma bu dövr keçicidir. Qarşıdakı illərdə qaza olan ehtiyac sürətlə artacaq. Həmçinin Nabukko layihəsi qısa müddətdə həyata keçiriləcək layihə deyil. Bunun üçün 3-4 ilə ehtiyac var. Əgər indidən işlərə başlasaq, nəticəyə tezliklə nail ola bilərik».
Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin Azərbaycanla Türkiyə arasında qazla bağlı aparılan müzakirələrdən də danışıb. Onun dediyinə görə, qazla bağlı danışıqlar davam edir: «Bizim arzumuz tezliklə nəticənin əldə olunmasıdır. Bu istiqamətdə işlər yaxşı gedir».
Vural Altay ümid edir ki, Türkiyə və Azərbaycan bir-biri ilə sıx bağlı olan dost və qardaş ölkələrdir. Qazın qiymətləri ilə bağlı danışıqlarda rəsmi Bakının Ankaraya müəyyən kompromislər edəcəyi qaçılmazdır. Dövlət Neft Şirkətində isə deyirlər ki, qazla bağlı danışıqlar başa çatmadığına görə konkret rəqəmi açıqlamaq çətindir. /ANS TV/