“Ən çox önəm verdiyimiz məsələ Qarabağ problemidir”
01 İyun 2011 Çərşənbə 15:02
Yüksəl Dəyərcan: “TRT-nin baş ofisi ilə yeni proqramlara başlamaq üçün yazışmalarımız gedir”
Bakı. Rəşad Süleymanov - APA. Türkiyə Radio-Televiziya Qurumu (TRT) Bakı təmsilçiliyinin rəhbəri Yüksəl Dəyərcanın (Yüksel Değercan) APA-ya müsahibəsi
- TRT-nin Azərbaycan təmsilçiliyinin fəaliyyətə başlamasından 10 il ötür. Ötən dövrdə TRT-nin Azərbaycandakı fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik.
- TRT Azərbaycanda sadəcə 10 ildir fəaliyyət göstərmir, fəaliyyətmiz 20 il əvvəldən - Azərbaycan müstəqilliyini elan etdiyi dövrdən başlayır. Ötən əsrin 90-cı illərinin əvvəllərindən Bakıya TRT-nin çoxlu sayda müxbiri gəlib, xəbərlər, proqramlar hazırlayıblar. Xüsusilə Qarabağ savaşının aktiv getdiyi dövrdə TRT-nin müxbirləri döyüşlərdən reportajlar hazırlayıblar. Xocalı qətliamına dair dünyaya ilk səs salan telekanallardan biri məhz TRT olub. Sonrakı dövrdə məcburi köçkünlərlə bağlı çoxlu sayda xəbər və proqramlar hazırlanıb. TRT-nin Azərbaycan təmsilçiliyi 10 il əvvəl açıldı. Deyə bilərəm ki, ötən 10 il ərzində Azərbaycandan təxminən 8-10 min arası xəbər, 600-dən çox 30 dəqiqəlik proqramlar hazırlamışıq. İlk vaxtlarda hər həftə 30 dəqiqəlik 3-4 proqram yayınlayırdıq. Son dövrlərdə bu temp bir az zəifləyib və həftəlik proqramlar hazırlayırıq. 10 il içərisində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, sənəti, üzləşdiyi çətinliklər, faicəli günləri haqqında minlərlə proqramlar hazırlanıb. Amma hesab edirəm ki, bunlar yenə də azdır. Türkiyə-Azərbaycan dostluğunun genişlənməsi üçün hər iki ölkədə telekanalların üzərinə böyük iş düşür.
- TRT Bakı ofisi Azərbaycanda xəbər əldə etməkdə problemlə üzləşirmi?
- Biz xəbərlərin böyük hissəsini xəbər agentliklərindən əldə edirik. Eyni zamanda dövlət tərəfindən keçiriləcək tədbirlər barədə bizə məlumatlar verilir. Bu sahədə hansısa problemlər yoxdur.
- Neçə nəfərlik heyətlə çalışırsınız? İlk vaxtlar Türkiyədən gələn heyət çox idi.
- Hazırda Türkiyədən gəlmiş yeganə adam mənəm. Qalan 10 nəfərin hamısı azərbaycanlıdır.
- Azərbaycanlı heyətin spesifik iş prinsipi olan TRT-nin standartlarına uyğunlaşması çətin olmur ki?
- Biz personalı seçərkən bir sıra özəlliklərinə diqqət yetiririk. Seçimdən sonra onlar təlim kursları keçirlər. Daha sonra iş rejimində onları bəlli standartlara uyğunlaşdırmağa çalışırq. Azərbaycan insanları daha tez qavrama qabiliyyətinə malikdir. Bizim standartlarımıza daha tez uyğunlaşa bilirlər.
- TRT Azərbaycanda daha çox hansı sahələrdən xəbər hazırlayır?
- Bizim TRT olaraq ən çox önəm verdiyimiz məsələ Qarabağ problemidir. Bu gün cəbhədə sıxıntılar yaşanır, Azərbaycan tərəfi şəhid verir. Bunlar diqqətimizdədir. Azərbaycanın gündəlik həyatı, təbii gözəllikləri, iqtisadi sahədə, neft-qaz sektorunda yeniliklərini də mütəmadi işıqlandırırıq. Bu yaxınlarda maraqlı bir xəbər yayımladıq. Bir koreyalının Azərbaycana gəlib muğam oxuması ilə bağlı.
- Proqramlarınız barədə nə söyləyə bilərsiniz?
- Bizim xəbərlərimizin böyük bölümü “TRT Haber”, “TRT Avaz”, “TRT Türk”də və TRT-1 kanallarında, proqramlarımız isə əsasən “TRT Avaz”da yayımlanır. Biz bu gün həftədə sadəcə bir proqramla kifayətlənmək istəmirik. TRT-nin baş ofisi ilə yeni proqramlara başlamaq üçün yazışmalarımız gedir. “Azərbaycan ulduzu” adlı maqazin proqramı hazırlamağı təklif etmişik. Məndə olan məlumata görə, Azərbaycandan siyasət, mədəniyət, sənət, ədəbiyyat sektoruna aid 30 dəqiqəlik proqramların da hazırlanması planlaşdırılır. Bunun nə zaman olacağını isə bilmirəm.
- Azərbaycanın bölgələrində TRT-nin müxbir postlarının yaradılması məsələsi gündəmdədirmi?
- Buna gərək olduğunu düşünmürəm. Burada əməkdaşlıq etdiyimiz İctimai TV və AzTV kimi telekanallar var. Əməkdaşlıq çərçivəsində gərəkli olan görüntüləri bu telekanallardan da alır və Türkiyəyə göndəririk. Televiziya xəbərçiliyində önəmli olan görüntüdür. Görüntülər əldə edildikdən sonra onu Türkiyəyə və Türkiyə vasitəsilə dünyaya yaya bilirik.
- Gələcək üçün hansı planlarınız var?
- Bizim missiyamız xəbər və proqramlar vasitəsilə buradakı durumu Türkiyəyə bildirməkdir. Digər tərəfdən, ölkələrimiz arasında qardaşlığı daha da gücləndirmək məqsədilə buradayıq və bu istiqamətdə də çalışırıq. Gələcəkdə Azərbaycandan xəbər və proqramlarımızın sayını daha da artırmaq istəyirik. Kiçik layihələrimiz var və ümid edirəm ki onları ilin sonuna qədər reallaşdıra biləcəyik. Bizim Azərbaycan telekanalları ilə əməkdaşlığın genişləndirilməsinə dair başqa bir planımız da var. Bura aparıcıların, operatorların, montajçıların və müxbirlərin qarşılıqlı hazırlanması daxildir. Bu çərçivədə Azərbaycandan müxtəlif televiziyaların yaradıcı heyətlərinin Türkiyədə kurslara göndərilməsini, eləcə də TRT-dən bura səfərlərin təşkilini düşünürük.
Sonda onu da demək istəyirəm ki, Azərbaycan Türkiyə üçün son dərəcə önəmli bir ölkədir. Ölkələrimiz arasında təkcə dostluq əlaqələri mövcud deyil. Biz bir millət, iki dövlətik. Eyni dildən, eyni dindən və eyni soydan gələn insanlarıq. Türk xalqı həqiqətən Azərbaycanı çox sevir və hər zaman bu əlaqələrin gücləndirilməsində maraqlıdır.
DOSTLARINLA PAYLAŞ: