Əməkhaqqı və pensiyaların artırılması öz həllini tapacaq
13 Aprel 2011 Çərşənbə 01:29
“2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır”
“Azərbaycanda sosialyönümlü tədbirlər vaxtaşırı aparılır. Həm uzunmüddətli proqramlar çərçivəsində, həm də lazım gələndə əlavə tədbirlər görülür”. Prezident İlham Əliyev bunu Nazirlər Kabinetində keçirilən müşavirədə deyib. O, bu yaxınlarda əhalinin suya olan borclarının silinməsini xatırladıb: “Bu, bizim sosial siyasətimizin nə qədər güclü olduğunu göstərir. Bu addım xoşniyyətli addımdır və hesab edirəm ki, düzgün addımdır, sosial ədalət prinsipləri baxımından düzgün addımdır, bazar iqtisadiyyatı prinsipləri baxımından bəlkə də o qədər də düzgün addım deyil. Ancaq bizim üçün əsas məsələ prioritetlərin düzgün seçilməsidir. Bu prioritetlər sırasında sosial məsələlər birinci yerdədir”.
Prezident İlham Əliyev bildirib ki, dövlət büdcəsində aparılan dürüstləşmə zamanı mütləq geniş sosial paket nəzərdə tutulmalıdır. Onun sözlərinə görə, əməkhaqqılarının, pensiyaların artırılması məsələləri öz həllini tapmalıdır və tapacaq: “Xüsusilə, 2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. Çünki bu sahədə müəyyən ədalətsizlik var. Bu ədalətsizlik ona görə yarandı ki, 2006-cı ildən sonra yeni qaydalar tətbiq olundu və 2006-cı ildən sonra pensiyaya çıxanlar daha böyük pensiya alırlar. 2006-cı ilə qədər Azərbaycanda pensiyaya çıxanların sayı haradasa 900 mindən artıqdır. Bütövlükdə 1 milyon 300 nəfərə qədər pensiyaçı vardır. Onlardan 900 mini 2006-cı ilə qədər pensiyaya çıxıb. Ona görə, ilk növbədə onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır. Biz bunu mütəmadi qaydada edirik. Xüsusilə bu il biz 2006-cı ilədək pensiyaya çıxmış vətəndaşların pensiya təminatını yaxşılaşdırmalıyıq”.
DOSTLARINLA PAYLAŞ: