Əmək pensiyalarının orta aylıq məbləği 114 manata çatıb
13 Aprel 2011 Çərşənbə 02:23
“Şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, kəndlərdə isə 98 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin edilib”
Bu ilin ilin yanvar-mart aylarında əhalinin pul gəlirlərinin keçən ilin müvafiq dövrünə nisbətən 16,8 faiz, orta aylıq əməkhaqqının 11,7 faiz artıb, əhalinin adambaşına düşən gəlirləri inflyasiyanın səviyyəsini 7,7 faiz üstələyib. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Nazirlər Kabinetində keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2011-ci ilin birinci rübündə gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 19 faiz və ya 83 milyon manat artaraq 521 milyon manat təşkil edib: “Sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin birinci rübünə nisbətən 15 faiz və ya 35 milyon manat artaraq 270 milyon manat olub. Sosial sığorta daxilolmalarının 58,2 faizi qeyri-büdcə təşkilatlarının payına düşüb, onların ödədiyi sosial sığorta haqlarının məbləği keçən ilin müvafiq dövrünə nisbətən 17,3 faiz və ya 23 milyon manat artıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi daha da gücləndirilmiş, fiziki şəxslərdən daxilolmalar 24 faiz, torpaq mülkiyyətçilərinin ödəmələri isə 40 faiz artıb”.
Səlim Müslov deyib ki, rübün sonuna əmək pensiyalarının orta aylıq məbləği 114 manata çatıb və ya keçən ilin aprelin 1-nə olan vəziyyətlə müqayisədə 14 faiz artıb: “Bu artıma təsir edən əsas amillər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə keçən ilin sentyabr ayından etibarən əmək pensiyalarının baza hissəsinin 13,3 faiz artırılaraq 85 manata çatdırılması, pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi, həmçinin yeni pensiya təyin olunan şəxslərin pensiyalarının orta aylıq məbləğinin sistemi tərk edənlərin pensiyalarından təqribən 50 manat yuxarı olmasıdır”.
DSMF sədrinin sözlərinə görə, Fondun fəaliyyətinin digər əsas istiqaməti, yəni əhaliyə ödənişlərin avtomatlaşdırılması sferası genişləndirilib: “Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, kəndlərdə isə 98 faizinin, ümumilikdə ödəniş aparılan pensiyaçıların 99 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin edilib. Bu məqsədlə cəmi 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilib”. Fond tərəfindən pensiyaçılara göstərilən ödəniş xidmətlərinin səviyyəsini artırmaq məqsədi ilə müvafiq banklarla müzakirələr aparılıb və hər bir ödəniş barədə pensiyaçıların mobil telefonlarına SMS məlumatın göndərilməsi barədə qərar qəbul olunub.Hazırda pensiyaçıların mobil telefon nömrələri barədə məlumat bazası formalaşdırılır və aprel-may aylarından artıq bu xidmət növünə start veriləcək.
DOSTLARINLA PAYLAŞ: