Elmi dərəcəsi olanların pensiyaları artırıldı
04 İyul 2011 Bazar Ertəsi 16:35
Əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablanır.
Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanunda elmi dərəcəsi olan şəxslərin pensiyalarının artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib. Dövlət Sosial Müdafiə Fondu (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, dəyişikliyə əsasən, Azərbaycanda elmi dərəcəsi olanların əmək pensiyaları əhəmiyyətli dərəcədə artırılıb.

Belə ki, iyulun 1-dən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır.

Bu artımlar təxminən 5910 nəfərə şamil olunacaq. Onların 1460 nəfəri elmlər doktoru, 4450 nəfəri isə elmlər namizədidir.

Qanuna edilən dəyişikilik işləməyən elmlər doktorlarına və elmlər namizədlərinə şamil ediləcək və dəyişikliklərdə nəzərdə tutulan pensiyaların ödənilməsi üçün il ərzində təxminən 10 milyon manat vəsait tələb olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar