Elmar Məmmədyarov Monteneqroya səfər edib
05 May 2011 Cümə Axşamı 10:44
Mayın 4-5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Monteneqronun Xarici İşlər və Avropa İnteqrasiyası naziri Milan Roçenin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı Elmar Məmmədyarov Monteneqronun Xarici İşlər və Avropa İnteqrasiyası naziri Milan Roçen ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, iqtisadi və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.

Elmar Məmmədyarov iqtisadi və turizm sahələri ilə yanaşı mədəniyyət, təhsil sahələrində də ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Nazir Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə həmkarına geniş məlumat verib. Ölkəmizdə sürətli inkişafın əyani şahidi olduğunu qeyd edən M. Roçen Monteneqro ilə Azərbaycanın uğurlu əməkdaşlığına inandığını bildirib. Tərəflər ölkələr arasında əlaqələrin və əməkdaşlıq sahələrinin artırılması üçün hüquq müqavilə bazasının genişləndirilməsi barədə razılığa gəliblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar