Elmar Məmmədyarov HillariKlintonla görüşüb
04 İyun 2011 Şənbə 02:15
Dövlət katibi: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu vasitəsilə işləri davam etdirəcəyik”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb. ANS PRESS-in ABŞ Dövlət Departamentinin internet saytına istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatların dövlət katibi görüşdən mətbuat üçün bəyanatında deyib ki, azərbaycanlı həmkarı ilə Vaşinqtonda görüşməyi böyük zövq hesab edir: Onun sözlərinə görə, iki ildən artıqdır Elmar Məmmədyarovla bir neçə dəfə görüşmək imkanı olub. Hillari Klinton bildirib ki, ABŞ və Azərbaycan arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. O qeyd edib ki, Vaşinqton və Bakı ikitərəfli münasibətlər, regional problemlər, eləcə də, qlobal məsələlərdə əməkdaşlıq mövcuddur. “Biz əlaqələrimizin genişlənməsi və dərinləşməsinə sadiqik. Uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu vasitəsilə işləri davam etdirəcəyik”, - Hillari Klinton bildirib.

Elmar Məmədyarov deyib ki, Azərbaycan və ABŞ arasında əlaqələr inkişaf edir. Onun sözlərinə görə, əlaqələr strateji xarakter daşıyır. Azərbaycanın xarici siyasət idarəsinin başçısı bildirib ki, iki ölkə arasında əməkdaşlıq dərinləşməli və möhkəmlənməlidir. Elmar Məmmədyarov regionda sabitlik və sülhün bərqərar olması, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərə görə Hillari Klintona təşəkkür edib. Nazir bəyan edib ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin son bəyanatı nizamlanmayan münaqişənin beynəlxalq ictimaiyyətin diqqətindən saxlanılması baxımından əhəmiyyətlidir. “Biz hamımız birlikdə daha çox işləməliyik ki, sıçrayışa nail olaq”, - Elmar Məmmədyarov deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar