Əli Abbasov kimdir, harada doğulub, təhsili vəs. haqqında ətraflı məlumat.
Əli Abbasov (Məmməd oğlu) 1953-cü ildə anadan olmuşdur.
1969-cu ildə avtomatika və telemexanika ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Daha sonra təhsilini davam etdirmək üçün Moskva Energetika İnstitutuna (MEİ) koçürülmüş və avtomatika və telemexanika ixtisası üzrə bitirmişdir.
1977-1981-ci illərdə Ukrayna Elmlər Akademiyasında məqsədli aspiranturada təhsilini davam etdirmiş və 1981-ci ildə mikroelektronika sahəsində disertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsini almışdır.
1982-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasında kompyüter şəbəkələrinin işlənib hazırlanması və tətbiqi üzrə elmi-tədqiqat və praktiki işlər aparmışdır.
1992-ci ildə Azərbaycan Elmlər Akademiyasının İnformasiya və Telekommunikasiya Elmi Mərkəzinə (indiki İnformasiya Texnologiyaları İnstitutu) direktor vəzifəsinə təyin olunmuş və bu vəzifədə 2000-ci ilə qədər çalışmışdır. Bu müddət ərzində "Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri" (RAİS-"Azərbaycan") layihəsinin rəhbəri, EARN və İNTERNET şəbəkələrinin respublika üzrə koordinatoru, NATO-nun Elm komitəsində informasiya texnologiyaları sahəsində Azərbaycan üzrə əlaqələndirici və milli əhəmiyyətli bir neçə xüsusi təyinatlı kompyüter və informasiya sistemlərinin icraçısı və rəhbəri olmuşdur.
Respublikamızı Avropa Elm və Təhsil İNTERNET Assosiasiyasında (TERENA) təmsil etmişdir.
1993-cü ildə "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə disertasiya müdafiə etmiş və texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
1996-cı ildə İnformatika sahəsində professor elmi adını almışdır.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuş və eyni zamanda "Dünya iqtisadiyyatında informasiya texnologiyaları" kafedrasına rəhbərlik etmişdir. Bu müddət ərzində Azərbaycan Elm və Təhsil üzrə kompyüter şəbəkələri Assosiasiyasının (AZRENA) Prezidenti kimi fəaliyyət göstərmiş, "Elm və təhsil İNTERNET şəbəkəsinin inkişafı" "Respublikada məsafədən (distant) təhsil sisteminin yaradılması", "Virtual İpək yolu" (Böyük İpək yolu dövlətləri üzərindən peyk informasiya magistralının salınması) və digər layihələrə rəhbərlik etmişdir.
Kembric bioqrafiya mərkəzi Ə.Abbasovu 1996-cı ildə texnika və texnologiya üzrə ilin beynəlxalq adamı elan etmişdir.
1994-cü ildən UNESCO-nun informasiya və telekommunikasiya üzrə eksperti, 1998-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü (Moskva bölməsi üzrə), 2000-ci ildən Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (Azərbaycan bölməsi), 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
2000-ci ildən Azərbaycan Milli Məclisinin (Parlamentinin), 2001-ci ildən isə Avropa Şurasının Parlament Assambleyasının üzvüdür.
2004-cü il fevralın 20-dən Azərbaycan Respublikasının Rabitə və İnformasıya Texnologiyalarlı naziridir.
120-dən çox (əsasən xarici ölkələrdə) elmi-texniki əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Onlarla beynəlxalq konfrans və forumların iştirakçısıdır.
İngilis və rus dillərini bilir.
Ailəlidir. 2 övladı var.