Elçin Əlibəyli ATV-dən kənarlaşdırıldı
17 Fevral 2011 Cümə Axşamı 20:58
Aparıcı Azərbaycanın "Sarı gəlin" mahnısından bir parçanı erməni dilində oxuyub
Azad Azərbaycan telekanalının bədii rəhbəri, tanınmış teleaparıcı Elçin Əlibəyli telekanaldakı işindən kənarlaşdırılıb. E.Əlibəyli ATV-nin aparıcısı Nanənin ad günü mərasimində “Sarı gəlin” mahnısını erməni dilində oxuduğu üçün tutduğu vəzifəsindən azad edilib. Hadisənin şahidlərinin Lent.az-a söylədiklərinə görə, ad günü gecəsində əhval-ruhiyyəsi yüksək olan Elçin Əlibəyli “Sarı gəlin” mahnısından bir parçanı erməni dilində oxumağa başlayıb. Ad günü mərasimində xeyli şou-biznes nümayəndəsi və media təmsilçiləri də iştirak edib və bütün baş verənlərə onlar da şahid olub.
Qeyd edək ki, E.Əlibəyli bu gün ölkə KİV-nə verdiyi açıqlamada ATV telekanalını öz istəyi ilə tərk etdiyini deyib. O, ərizəsini yazaraq kanalla vidalaşdığını və bundan sonrakı vaxtını elmi fəaliyyətə sərf edəcəyini bildirib.
Lakin telekanaldakı mənbələrdən Lent.az-a verilən açıqlamada bildirilir ki, E.Əlibəyli məhz Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i erməni dilində oxuduğu üçün şirkətdən kənarlaşdırılıb. ATV-dən həmçinin onu da bildiriblər ki, Əlibəylinin telekanaldakı fəaliyyətinə dünən, yəni fevralın 16-da xitam verilib.
Bu gün iş günü ərzində Əlibəyli ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verməyib.
DOSTLARINLA PAYLAŞ: