Əhməd Şəfəq Heydər Əliyev Sarayında “Azərbaycan – Türkiyə” deyib
19 Mart 2011 Şənbə 12:34
Vətənpərvər mahnılar ifaçısı kimi tanınan türkiyəli bəstəkar-müğənni Əhməd Şəfəq martın 18-də Heydər Əliyev Sarayında «İki bədəndə bir can» adlı solo-konsert proqramı ilə çıxış edib.
APA-nın məlumatına görə, konsertdə çıxış edən millət vəkili Sabir Rüstəmxanlı Əhməd Şəfəqin tək müğənni kimi deyil, həm də yazar kimi də tanındığını və yazıları ilə Azərbaycanı Türkiyə mətbuatında təbliğ etdiyini deyib. S.Rüstəmxanlı Əhməd Şəfəqin səsini tarixin səsi adlandırıb.
Əhməd Şəfəq Bakı səhnəsindəki çıxışına «Azərbaycan-Türkiyə» mahnısı ilə start verib. Onun hər bir ifası gurultulu alqışlarla müşayiət olunub. Konsertində heç bir qonağı və tamaşaçını diqqətdən kənar qoymayan Əhməd Şəfəq ilk ifasından sonra Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçı, Türkiyənin «Sky TV» telekanalının proqramçısı Mətin Özkanı, «Beyaz TV»dən proqramçı Nuriyyə Atabəyi, «Fox TV»nin yayım üzrə baş redaktoru Doğan Şəntürkü, «Milliyət» qəzetinin köşə yazarı Mehmet Tezkanı, «Bengütürk TV» telekanalının yayım üzrə baş redaktoru Murat İdeni, «Orta Doğu» qəzetinin baş redaktoru Mehmet Müftüoğlunu təqdim edib. Ə.Şəfəq sonra tamaşaçı zalına enərək Azərbaycanın xalq artisti, görkəmli kaman ustası Habil Əliyevə yaxınlaşıb və ona verilən gül dəstəsini təqdim edib. O, Habil Əliyevin konsertə təşrif buyurmasından şərəf duyduğunu dəfələrlə dilə gətirib. Həmin gün konsertə təşrif buyuran tamaşaçılar Əhməd Şəfəqin ifasında «Qarabağ» mahnısını da dinləyiblər.
Müğənni-bəstəkar «Yaşa, Azərbaycan» mahnısını yeni variantda işləyərək, əməkdar artist Tünzalə Ağayeva ilə birgə ifa edib. İlk duet ifalarından sonra Ə.Şəfəq azərbaycanlı həmkarı ilə birgə Azərbaycanın xalq mahnısı «Sarı gəlin»i oxuyub. T.Ağayeva Azərbaycan, Ə.Şəfəqsə Türkiyə variantında ifa edib. Türkiyəli sənətçi sözləri Sona Vəliyevaya məxsus olan «Qara gilə» mahnısını T.Ağayeva ilə birgə səsləndirib. Bununla kifayətlənməyən cütlük tamaşaçılar arasında əyləşən Azərbaycanın korifey qadın bəstəkarı Şəfiqə Axundovaya yaxınlaşaraq, görüşüblər. Ə.Şəfəq Şəfiqə Axundovanın «Nədən oldu» mahnısını xüsusi qeyd edərək, Tünzalə ilə birgə mahnını ifa edib.
Konsert zamanı Əhməd Şəfəq Çanaqqala savaşına həsr etdiyi mahnını da səsləndirib.
Konsertin sonlarına yaxın «Eşq duyğularımızın Vətənidir» deyən Əhməd Şəfəq sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan yeni lirik mahnısını oxuyub.
«İki bədəndə bir can» adı altında gerçəkləşən konsert maraqlı məqamlarla yadda qalıb. Belə ki, əksəriyyətini gənclər təşkil edən tamaşaçılar əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutub və ayaq üstə «Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!», «Azərbaycan-Türkiyə!» və «Qarabağ bizimdir, bizim olacaq!» kimi şüarları səsləndiriblər.
Məlumat üçün bildirək ki, konsert xeyriyyə məqsədilə keçirilib və əldə olunan vəsait fiziki qüsurlu uşaqlara yardım məqsədi ilə xərclənəcək. Konsertin təşkilatçısı isə Azəri-Türk Qadınlar Birliyidir. APA
DOSTLARINLA PAYLAŞ: