Bu gün Azərbaycanda əhalinin siyahıya alınma prosesinə start verilib.
«Bütün ölkə üzrə 19 min sayıcı məntəqəsi təşkil olunub, eyni zamanda siyahıyaalmanın aparılması üçün hər 5 sayıcıya 1 təlimatçı-nəzarətçi təyin olunub, hər 7 təlimatçı-nəzarətçidən ibarət isə bir siyahıyaalma məntəqəsi təşkil edilib. Məntəqələr ayrı-ayrı yaşayış yerlərində fəaliyyət göstərir. Məntəqələr sayıcı və təlimatçıların işini birbaşa koordinasiya edərək siyahıyaalma aparır. Hər məntəqə təxminən 17-18 min nəfərin siyahıya alınmasını təşkil edəcək. Bir siyahıyaalma məntəqəsində orta hesabla 35 sayıcı olacaq, bir sayıcı isə 450 nəfəri sorğu edəcək».
Azərbaycanda yaşayan xarici vətəndaşlar müvafiq səfirlik və konsulluqların köməyi ilə siyahıya alınacaq. Bir ildən çox evdə olmayan şəxslər isə siyahıya alınmayacaq. Bu müddətdən az evdə olmayan insanlar barədə məlumat isə onların qonşu və tanışlarından dəqiqləşdiriləcək.
Siyahıyaalma anketlərində 35 sual əksini tapıb ki, bunların da 29-u şəxsi (iş haqqında, məşğulluq və s.), 6-sı isə mənzil şəraitinə aiddir.
Qeyd edək ki, siyahıya alınmanın keçirilməsində əsas məqsəd cari uçot məlumatlarının dəqiqləşdirilməsidir. Prosesə Azərbaycan hökuməti tərəfindən 8 mln. manat vəsait ayrılıb. On gün davam edəcək siyahıyaalma prosesindən sonra cari ilin may ayının ikinci yarısından başlayaraq bir ay ərzində siyahıyaalma vərəqələri DSK-ya təhvil veriləcək.
Daha sonra məlumatlar kompüterə keçiriləcək. Nəticədə, ölkənin ayrı-ayrı bölgələri üzrə 10 ədəd, ümumi ölkə üzrə isə 1 ədəd kitabça çap olunacaq. Siyahıya alınma prosesi 2010-cu ilin ortalarında tam başa çatacaq.
Xatırladaq ki, Azərbaycan əhalisinin siyahıya alınması zamanı məlumatları dəqiqləşdirmək mümkün olmadığından Dağlıq Qarabağda yaşayan ermənilərin sayı əvvəlki siyahıyaalmada olduğu kimi mexaniki olaraq 120 min nəfər qeyd olunacaq.
Əlavə edək ki, Azərbaycanda əhalinin siyahıya alınması hər 10 ildən bir keçirilir. Bu ilin aprelin 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 8,753 mln. nəfər təşkil edib.
APA