Əhalinin qaz borcları silindi
29 Dekabr 2009 Çərşənbə Axşamı 18:55
Əhalinin qaz borcları silindi. Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə ölkə başçısı İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, istehlak edilmiş təbii qaza görə, əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borclar silinib. Əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat veriləcək.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılıb ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görülsün.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etmək, bir ay müddətində təbii qaz və neft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan prezidentinə təkliflər vermək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: