Ədliyyə Nazirliyinin hüquq-mühafizə orqanlarına müraciəti
18 Fevral 2011 Cümə 03:08
481 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması üçün məhkəmələr qarşısında məsələ qaldırılıb
Ədliyyə Nazirliyində 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş Kollegiya iclası keçirilib. Nazirliyin saytında yerləşdirilmiş məlumata görə, nazir Fikrət Məmmədov qeyd edib ki, 2010-cu ildə nazirlik tərəfindən qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş 163 normativ hüquqi akt layihəsi hazırlanıb, 1752 akt hüquqi ekspertizadan keçirilib. Əhalinin sərbəst və təmənnasız istifadə etdiyi milli qanunvericiliyin elektron bazası (www.e-qanun.az) zənginləşdirilərək, sayta 2 minədək yeni sənəd daxil edilmiş və onların sayı 21 minə yaxınlaşıb.
Bələdiyyələrə inzibati nəzarət qaydasında 27 minə yaxın bələdiyyə aktına baxılıb, nazirliyin təklifləri əsasında 441 akt dəyişdirilib və ya ləğv edilib, bəzi bələdiyyə aktlarının ləğvi üçün isə məhkəmələrdə iddia qaldırılıb. Eyni zamanda, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq 27 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib, habelə 481 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması barədə məhkəmələr qarşısında məsələ qaldırılıb.
Ötən il aparılmış notariat əməliyyatlarının sayı 2,8 milyonu ötüb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə qədər əməliyyat aparılıb, dövlət büdcəsinə 10 milyon manata yaxın vəsait köçürülüb. Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının mühüm rolu nəzərə alınaraq 124 təşkilat dövlət qeydiyyatına alınıb, 221 mətbu nəşr uçota götürülüb, bununla da ölkədə QHT-lərin sayı 3.500-i, KİV-lərin sayı isə 4.300-ü ötüb.
2010-cu ildə məhkəmə qərarlarının icrası sahəsində qanunvericilik yeniləşmiş, icraata daxil olmuş 120 minə yaxın icra sənədinin 85%-nin icrası tam təmin olunub, hüquqi və fiziki şəxslərə 75 milyon manat vəsait ödətdirilib, icra qanunvericiliyinin tələblərini pozan 1.315 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 220 şəxs inzibati qaydada həbs olunub, 209 şəxs barəsində cinayət işi başlanıb.
Bununla yanaşı, iclasda ədliyyə fəaliyyətində mövcud nöqsanlar qeyd olunub, korrupsiyaya qarşı mübarizə üzrə yanvarın 31-də keçirilmiş nazirliyin Kollegiyasında qoyulmuş konkret tapşırıqların icrası vəziyyəti müzakirə olunub. Bildirilib ki, dövlət başçısının korrupsiyaya qarşı qəti mübarizənin aparılmasına dair tələblərinin hər bir ədliyyə işçisinə və hakimə çatdırılması məqsədilə regional müşavirələr keçirilib, korrupsiyaya şərait yaradan hallar təhlil olunaraq onların aradan qaldırılması üçün tədbirlər müəyyən olunub.
Bu məqsədlə monitorinq qrupları yaradılaraq tabe qurumlarda yoxlamalar aparılmış, aşkar edilən bir çox nöqsanların yerində həllinə nail olunub, nazirliyə, xüsusilə “qaynar xətt”lərə daxil olan korrupsiya ilə bağlı şikayətlərin dərhal araşdırılması və zəruri işlərin operativ görülməsi təmin olunmuş, əlavə təsirli tədbirlər həyata keçirilməkdədir.
Sahibkarlıq sahəsində yoxlamaların nizama salınmasının korrupsiyaya qarşı genişmiqyaslı mübarizədə xüsusi əhəmiyyəti nəzərə alınaraq, hələ ötən il ölkə Prezidenti tərəfindən bu barədə mühüm tapşırıqlar verilmiş, 2011-ci il 15 fevral tarixli Fərmanla isə bu yoxlamaların vahid reyestrinə dair Əsasnamə təsdiq olunmuş və onun aparılması Ədliyyə Nazirliyinə həvalə edilib. Bu mühüm səlahiyyətin həyata keçirilməsi üzrə vəzifələr Kollegiyada geniş müzakirə olunaraq reyestrin cari ilin may ayının 1-dən fəaliyyətə başlamasının təmin edilməsi üçün zəruri tədbirlər müəyyən olunub.
Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
DOSTLARINLA PAYLAŞ: