Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
02 İyun 2011 Cümə Axşamı 11:30
İclasda bir sıra tapşırıq və göstərişlər verilib.
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda mayın 26-da imzalanmış və 90 nəfərə şamil olunmuş əfv Sərəncamının nazirliyin rəhbər şəxslərinin, ombudsmanın, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə təxirəsalınmadan və mütəşəkkil qaydada icra olunduğu vurğulanıb. Qeyd olunub ki, bütövlükdə ölkəmizdə qəbul edilmiş 49 əfv aktı 5200-dən çox şəxsi əhatə edib.

Kollegiyada ölkə Prezidentinin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə dair 23 may 2011-ci il tarixli Fərmanının icrası müzakirə olunub, müasir elektron sistemlərin tətbiqinin genişləndirilməsi, internet saytda elektron xidmətlərlə bağlı xüsusi bölmənin yaradılması, xarici ölkələrin təcrübəsinin öyrənilməsinə dair işlər qeyd olunub və əlavə tapşırıqlar verilib.
Sonra Ədliyyə orqanlarında tətbiq olunması üçün proqramlaşdırılmış elektron xidmətlər köşkünün təqdimatı keçirilib. Həmin köşk vasitəsilə notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı qaydalarına dair məlumatların dərhal əldə olunması, bütün növ ödənişlərin elektron qaydada aparılması, nazirliyin qaynar xəttinə və elektron poçtuna birbaşa müraciətlərin edilməsi mümkün olacaq. Bununla da şəffaflığın artırılmasına və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına, inzibati işçilərlə bilavasitə təmasın minimuma endirilməsinə, habelə vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəlməsinə nail olunacaq.
İclasda həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gələcəyinə dair ötən ay Avropa ədliyyə nazirlərinin konfransında qəbul olunan İzmir Bəyannaməsinin implementasiyası müzakirə olunub. Avropa Məhkəməsinin fəaliyyətində çətinliklər, müraciətlərin sayının kəskin artaraq 140 minə çatması və onların baxılması üçün uzun illərin tələb olunması qeyd edilib. Azərbaycandan daxil olan ərizələrin sayı Avropa üzrə orta rəqəmdən 2 dəfə az olsa da, ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair əlavə tədbirlərin görülməsi bildirilib. Kollegiyada dövlətdaxili müdafiə vasitələrinin gücləndirilməsi, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi, Avropa Məhkəməsi presedent hüququnun tətbiqi və bu barədə maarifləndirmənin genişləndirilməsi və s. tədbirlər müəyyən olunub və zəruri tapşırıqlar verilib.

Eyni zamanda, cəmiyyətdə aktual olan digər məsələ - Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilən adın və soyadın verilməsi və dəyişdirilməsi haqqında Qaydaların tətbiqindən irəli gələn vəzifələr müzakirə edilib, konkret göstərişlər verilib.

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar