Əcnəbilərin Azərbaycana gəlməsi asanlaşdırıldı
08 Aprel 2011 Cümə 14:04
"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna əlavə və dəyişikliklər olub
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə əlaqədar “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə təkliflər layihəsi daxil olub. Komitə sədri deyib ki, qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər əcnəbilərin turizm şirkətləri vasitəsilə viza almasını asanlaşdıracaq. Bu, elektron vizaların tətbiqinə də imkan verəcək.
Əlavələrə əsasən, turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilər. Bunun üçün əcnəbilərin yaşadığı ölkədəki Azərbaycanın diplomatik nümayəndəliklərinə, diplomatik nümayəndəliklər olmayan ölkələrdə isə üçüncü ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinə müraciət edilməlidir.
Əlavələrdə elektron qaydada viza almaq üçün gərəkli olan sənədlər də göstərilib. Turistlərə viza verilməsi üçün ərizələrə müraciət edildiyi gündən ən geci 15 iş günü keçənədək baxılacaq. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması və dövlət rüsumunun məbləği Azərbaycanın diplomatik nümayəndəliklərinin internet saytlarında yerləşdiriləcək.
Daha sonra deputatlar məsələyə münasibət bildiriblər. Deputatların bir qismi turistlərdən bəzilərinin "ölkəyə xoş niyyətlə gəlmədiklərini" əsas gətirərək, vizaların sadələşdirilməsinin təhlükəsizlik orqanlarının fəaliyyətinə çətinlik yaradacağını söyləyiblər.
Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanunun qəbul edilməsinə ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkilini məhdudlaşdıra bilər. Buna Gürcüstan təcrübəsini misal göstərən deputat deyib ki, bu gün Ermənistanın siyasətinə bəzi beynəlxalq təşkilatlar da dəstək verir. Deputat hesab edir ki, qanunda Azərbaycanın işğal olunmuş ərazilərinə gedən şəxslər, orada çalışan şirkətlər, onların işçiləri və s. əlaqəli şəxslər arzuolunmaz elan edilməli, Azərbaycana buraxılmamalıdır.
Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.
DOSTLARINLA PAYLAŞ: