Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Əbülfəz Elçibəyin vəfatının 9-cu ildönümü ilə bağlı müxalifət partiyalarının təmsilçiləri onun məzarını ziyarət ediblər.
APA-nın məlumatına görə, ziyarətə qatılanlar onun məzarı önünə əklil qoyub, ruhuna dualar oxuyublar.
Mərasimdə çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər Əbülfəz Elçibəyin arzularının Azərbaycanın azadlıq və bütövlüyü olduğunu bildirib: “Biz həmişə Elçibəyin ruhundan qüvvət istəmişik ki, bu arzuları yerinə yetirib bu ziyarətgaha alnıaçıq gələk. Amma əminik ki, vaxt gələcək Elçibəyin bütün ideya və arzuları həyata keçəcək və biz burada öz sözümüzü deyə biləcəyik”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə Elçibəyin davamçılarının ildə yalnız iki dəfə – onun doğum və vəfatı günü bir yerə toplaşdığını deyib: “Amma biz ağlımızın işlədiyi hər gün bir yerdə olmağı, Elçibəyi düşünməyi bacarmalıyıq”.
Mərasimdə gənclər Elçibəy haqqında şerlər səsləndiriblər. Qeyd edək ki, mərasimə Müsavat, AXCP, KXCP, Azadlıq, AXP və digər siyasi partiyaların təmsilçiləri qatılıblar.
APA