E. Məmmədyarov Serbiyada rəsmi səfərdədir
04 May 2011 Çərşənbə 12:58
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 3-də Serbiyaya rəsmi səfəri başlayıb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Serbiyanın xarici işlər naziri Vuk Yeremiçin dəvəti ilə baş tutan səfər iki gün çəkəcək.

Səfər çərçivəsində mayın 3-də E. Məmmədyarov və V. Yeremiçin iştirakı ilə Serbiya XİN-in binasında yaradılmış Azərbaycan salonunun təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimindən sonra E. Məmmədyarovun V. Yeremiçlə əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan salonunda geniş tərkibdə görüşü keçirilib. V. Yeremiç 2009-cu ildə özünün, 2010-cu ildə isə Serbiya prezidenti Boris Tadiçin Azərbaycanda səfərdə olduğunu bildirib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəklədiklərinə görə Serbiya rəhbərliyinə təşəkkürünü ifadə edib, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi və son durum haqqında həmkarını məlumatlandırıb. Eyni zamanda, o, Azərbaycanın Serbiyanın hazırda Serbiyanın bir nömrəli problemi olan Kosovo problemi ilə bağlı məlum mövqeyini bir daha təkrarlayıb.

V. Yeremiç, öz növbəsində Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinin Serbiya rəhbərliyinin siyasi xətti və qəti mövqeyi olduğunu bildirərək, Kosovo məsələsi ilə bağlı Azərbaycanın həm ikitərəfli görüşlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində Serbiyanın mövqeyinin birmənalı şəkildə dəstəklədiyinə görə Azərbaycan dövləti və hökumətinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan prezidenti İlham Əliyevin cari ilin 8-9 iyun tarixlərində Serbiyaya nəzərdə tutulan səfəri də müzakirə olunub.

Görüşdən sonra nazirlər Serbiya KİV-i qarşısında qısa bəyanatla çıxış ediblər.

Həmin gün E. Məmmədyarov Belqrad şəhərinin meri, hakim Demokratik Partiyanın sədr müavini Draqan Cilasla görüşüb. Görüş zamanı D. Cilas Azərbaycanla Serbiya arasında münasibətlərin dinamik inkişaf etdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edib. D. Cilas Azərbaycan rəhbərliyinə onu Bakıya dəvət etdiyinə görə dərin minnətdarlığını bildirərək, Bakıya məmnuniyyətlə səfər edəcəyini qeyd edib. O, həmçinin Azərbaycan səfirliyi tərəfindən Serbiyada həyata keçirilən humanitar layihələrə, həmçinin Belqrad sakinlərinin ən sevimli istirahət yerlərindən biri olan “Taşmaydan parkı”nın bərpa və abadlaşdırılması layihəsi ilə bağlı Azərbaycan rəhbərliyinə və hökumətinə minnətdarlığını bildirib.

E. Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafından məmnun qaldığını bildirərək, “Taşmaydan parkı”nın abadlaşdırılması və orada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərinin ucaldılması, Novi Sad şəhərində isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün qoyulması ilə bu tarixi şəxsiyyətlərin Serbiyada xatirələrinin əbədiləşdirilməsinin xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Sonra E. Məmmədyarov Belqrad şəhərinin Baş memarı və merin müavini, Azərbaycan tərəfindən “Taşmaydan parkı”nın yenidən qurulması və abadlaşdırılması layihəsinin müəllifi, memar Eldar Hüseynovun iştirakı ilə parkda abadlaşdırma işlərinin gedişi ilə tanış olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar