Duru yağların qəflət bahalaşmasının arxasında nə durur?
08 Avqust 2011 Bazar Ertəsi 22:34
İqtisadi İnkişaf Nazirliyi qiymət artımından xəbərdar olsa da, bunun səbəbi hələlik məlum deyil
Artıq bir neçə vaxtdır ki, paytaxt sakinləri duru yağların qiymətinin bahalaşmasından giley edir. Qəfil qiymət artımının səbəbi isə hələlik məlum deyil. İqtisadi İnkişaf Nazirliyi də qiymət artımından xəbərdardır. İndi qiymətlərin süni şəkildə artırılmasını araşdırmaq üçün yoxlamalar aparılır. Nəticələrin isə yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Artıq neçə gündür ki, paytaxtda yerli istehsal məhsulu olan duru yağların qiymətinin artımı müşahidə olunur. Belə ki, yerli məhsulların qiyməti o həddə çatıb ki, uzun bir yol keçərək ölkəmizə çatan xarici istehsal məhsulu olan duru yağlar onlardan ucuz çıxır.
Alıcı Ülkər Manafova deyir ki, son zamanlar yerli yağların qiyməti artıb: “Bu gün qiymətdə 30-40 qəpik fərq var. İstərdik ki, yağların qiyməti aşağı düşsün. Əvvəlki kimi olsun, biz də büdcəmizə uyğun hesablayaraq alaq”.
Alıcı Gülxanım Zülfüqarova isə deyir ki, Ramazan ayıdır, camaat yağdan daha çox istifadə edir: “Bu yandan sevinirik ki, pensiyamız artdı. Digər yandan da gəlib mağazaya görürük ki, hər şey bahalaşıb. Bunun nə xeyri oldu?”.
Məsələ ilə bağlı iqtisadi inkişaf naziri Şahin Mustafayev ANS-ə bildirdi ki, yerli istehsal məhsulu olan duru yağların qiymətinin qalxması barədə onun da məlumatı var. Bunun səbəblərini araşdırmaq üçün müvafiq departamentə tapşırıqlar verilib və nəticələr barədə bu yaxınlarda xüsusi açıqlama veriləcək.
Məsələnin maraqlı tərəfi isə odur ki, bahalı qiymətlərlə satılan duru yağ məhsullarının alıcılar tərəfindən alınması üçün satıcılar endirim edir. Belə olan halda satıcı hər gəlirində 10 qəpik itirməli olur.
Qeyd edək ki, bu gün Fransada 1 litr duru yağın qiyməti 80 avro senti, yəni bizim pulla cəmi 90 qəpik, Almaniyada 1 litr duru yağın ən bahalısı 1,50 avro, yəni 1 manat 70 qəpik, uzaq Avstraliyada 1 litr duru yağın qiyməti 90 sent, yəni bizim pulla 70 qəpik, qonşu Gürcüstanda isə 1 litr duru yağın qiyməti 3 lari 50 tetri yəni, bizim pulla 1 manat 70 qəpikdir. Azərbaycanda isə duru yağın qiyməti təxminən 2 manat 50 qəpikdir.
Müqayisə zamanı məlum oldu ki, yerli istehsal məhsulu olan duru yağların qiyməti xarici istehsal məhsulu olan duru yağların qiymətinə nisbətən daha yüksəkdir. Nəzərə alsaq ki, duru yağ insanın qida rasionunun vacib elementlərdən biridir, bu məhsulun istehsalı ilə birbaşa məşğul olan yerli şirkət məhsulun satış qiymətini artırmamışdan öncə insanların maddi durumunu fikirləşsə, yaxşı olar.
DOSTLARINLA PAYLAŞ: