Dubaydan Azərbaycana qanunsuz bahalı telefon gətirənlər saxlanıblar
06 Avqust 2011 Şənbə 14:23
Dubaydan Azərbaycana qanunsuz bahalı telefon gətirən dayı və bacıoğludan 70 ədəd “BlackBerry Pearl 9105” mobil telefonu aşkarlanıb.
Bakıya qeyri-qanuni yolla Dubaydan yüksək dəyərli mobil telefonlar keçirməsinin qarşısı alınıb. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin saytında yer alıb. Məlumata görə, qurumun Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə bir qrup şəxsin Bakıdan Dubaya gedib, oradan yüksək dəyərli mobil telefonlar aldıqdan sonra Dubay-Moskva-Bakı tranzit aviamarşrutu ilə malları Azərbaycana gətirib, gömrük orqanına bəyan etməyərək, "yaşıl kanal" vasitəsi ilə gömrük sərhədindən qeyri-qanuni yolla keçirəcəkləri barədə əməliyyat məlumatı daxil olub

Həmin şəxslərdən biri Fuad Nazim oğlu Babayev, digəri isə onun yaxın qohumu Nurəli Rauf oğlu Cəfərovdur. Əldə olunmuş məlumata əsasən, mobil telefonları respublikaya qeyri-qanuni yolla gətirmək üçün Bakıdan Dubaya gedən Babayev Fuad Nazim oğlu nəzarətə götürülüb. Moskva-Bakı reysi ilə yaxın qohumu Cəfərov Nurəli Rauf oğlu ilə birlikdə gələn Babayev Fuad gömrük nəzarətindən "yaşıl kanal"dan keçərkən gömrük əməkdaşları tərəfindən saxlanılaraq, mütləq bəyan olunası malların olub-olmadığı barədə şifahi sorğu-sual ediliblər. Gömrük bəyannaməsini təqdim etməyən və şifahi olaraq onlarda mütləq bəyan olunası malların olmadığını bildirəndən sonra, həmin sərnişinlərə əşyalarını "Rapiskan 628" markalı X-Ray aparatından keçirmək təklif olunub.

Onlardan 70 ədəd “BlackBerry Pearl 9105” mobil telefonlar və onlara aid qutular, sellofan paketlərə qablaşdırılan vəziyyətdə həmin telefonların aksessuarları tapılıb.

Qeyd edək ki, N.Cəfərov 70 ədəd “BlackBerry Pearl 9105” mobil telefonların dayısı F.Babayevə məxsus olduğunu bildirib. Əvvəllər bir neçə dəfə Dubay şəhərindən Bakıya qanunvericilikdə nəzərdə tutulan gömrük ödənişlərini ödəmək şərtilə mobil telefonlarını gətirdiyini etiraf edən F.Babayev izahatında sonuncu dəfə gətirilən eyni malları gömrük orqanına bəyan etməkdən, vergi və rüsum ödənilməsindən xəbərsiz olduğunu bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar