Dövlət Sularda Xilasetmə Xidməti əhaliyə müraciət etdi
17 İyul 2011 Bazar 00:26
“Dənizə yaxın restoranda “yeyib-içən” bəzi insanlar dərhal yaxınlıqdakı dənizə girməyə çalışır və həyatını təhlükəyə atmış olur”.
“Yay mövsümündə havaların anomal isti keçməsi, respublikamızın sosial-iqtisadi inkişafı ilə əlaqədar sahilboyu ərazilərdə fəaliyyət göstərən istirahət obyektlərinin sayının çoxalması ilə əlaqədar çimərliklərə gələn insanların sayı ötən illərlə müqayisədə xeyli artıb”. Dövlət Sularda Xilasetmə Xidmətinin açıqlamasında belə deyilir. Vətəndaşlara müraciətdə bildirilir ki, hər bir insanın istirahət hüququ olsa da, bu hüquqlardan istifadə edərkən digərlərinin istirahət hüquqlarını pozmaq və yaxud bu sahədə cavabdehlik daşıyan qurumların işinə maneçilik törətmək yolverilməzdir: “Təəssüf ki, çimərlikdə istirahət etmək üçün gələn insanlar bəzən bu sahədə qanunvericiliyin tələblərinə məhəl qoymur və heç bir təhlükəsizlik qaydalarını nəzərə almaq istəmirlər. Təcrübə göstərir ki, çimərliklərdə istirahət edən insanların bir çoxu müvafiq tələblərə riayət etmədən istirahətlərini özləri başa düşdükləri kimi qurmağa çalışır. Belə olan halda həmin ərazidə istirahət edənlərin maraqları ilə xilasedicilərin tələbləri üst-üstə düşmədiyindən bir sıra xoşagəlməz hallar meydana çıxır. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri küləkli hava şəraitində, xüsusilə çimmək üçün təhlükəli olan ərazilərə daxil olan insanların qarşısını almağa çalışır, bəzən istirahətə gələn insanlar tərəfindən bu xilasedicilər müxtəlif təzyiqlərə məruz qalır və nəticədə suda bədbəxt hadisələrin başvermə riski artmış olur”.
Müraciətdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti Azərbaycan Respublikasının su hövzələrindəki çimərliklərdə və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində axtarış-xilasetmə tədbirlərini, bu sahədə idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən orqandır. Xidmətin dalğıc-axtarış qrupları respublikanın bütün bölgələrində, Xəzər dənizindən tutmuş ən ucqar dağ çaylarınadək fasiləsiz olaraq axtarış-xilasetmə işlərini həyata keçirir: Respublikamızın ucqar nöqtələrində, mövsümi çaylarda, göllərdə, su anbarları, kanal və iri su arxlarında, bir sözlə, suyun olduğu hər yerdə təbii olaraq insanların suda boğulma təhlükəsi mövcuddur. Elə ona görə də xidmətin dalğıc-axtarış qrupları coğrafi cəhətdən elə yerləşdirilib ki, ölkənin istənilən bölgəsində baş verən suda boğulma hadisəsinə operativ surətdə müdaxilə edə bilsin və suda axtarış-xilasetmə işlərini qüsursuz həyata keçirsinlər. Xidmətin “Aran” dalğıc-axtarış qrupu Gəncə-Qazax, Qarabağ və Mərkəzi Aran rayonları istiqamətində, “Cənub” dalğıc-axtarış qrupu ölkənin cənub rayonları üzrə, “Şimal” dalğıc-axtarış qrupu şimal istiqamətində yerləşən rayonlarda, “Bakı” dalğıc-axtarış qrupu isə ümumilikdə Abşeron yarımadasında sularda axtarış-xilasetmə işlərini həyata keçirir.
Xidmətin regionlarda yerləşən məntəqələrində qabaqlayıcı tədbirlər görmək məqsədilə əhali arasında, orta təhsil müəssisələrində maarifçilik işi həyata keçirilmiş və insanların kütləvi istirahət etdikləri, lakin çimmək üçün təhlükəli olan ərazilərdə əlavə mövsümi postlar yaradılıb, xəbərdaredici işarələr qoyulub və bədbəxt hadisələrin əvvəlcədən qarşısının alınması üçün çoxsaylı tədbirlər görülüb.
“Təcrübə göstərir ki, insanlar əksər hallarda istirahət edərkən ən yaxın su hövzəsinə üz tutur və həmin ərazinin nə qədər təhlükəli olub-olmamasını aydınlaşdırmadan dərhal suya girir. Bəzən də dənizə yaxın restoranda “yeyib-içən” bəzi insanlar dərhal yaxınlıqdakı dənizə girməyə çalışır və bununla da öz həyatını təhlükəyə atmış olurlar. Təsadüfi deyil ki, ötən illərin statistikası da suda boğulma hallarının əksər hissəsinin məhz qeyri-çimərlik ərazilərdə baş verdiyini göstərir. Təkcə 2010-cu il ərzində respublikanın su hövzələrində ümumilikdə suda boğulma halı ilə üzləşən 688 nəfərin həyatı xilas olunsa da, təəssüf ki, suda boğulma faktı da qeydə alınıb. Həmin il sularda boğulmuş 95 nəfərdən 93-ü məhz çimmək üçün qadağan olunan ərazilərin payına düşüb”.
Dövlət Sularda Xilasetmə Xidməti yay istirahətinin bədbəxt hadisə ilə deyil, xoş xatirə kimi yadda qalması üçün əhalini çimərlikdə təhlükəsizlik qaydalarına sözsüz əməl etməyə çağırır.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: