Dövlət Sərhəd Xidməti Xəzərdə təlimə hazırlaşır
22 Sentyabr 2009 Çərşənbə Axşamı 15:05
Bu təlimə DSX-nın 2009-cu ildə aldığı yeni üzmə vasitələri də cəlb olunacaq
Yaxın günlərdə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizində genişmiqyaslı taktiki təlimlər keçirəcək.
Əvvəlki illərdəkindən fərqli olaraq, bu təlimə DSX-nın 2009-cu ildə aldığı yeni üzmə vasitələri də cəlb olunacaq, həmçinin təlimin proqramına bəzi yeniliklər daxildir. Təlim əsasən dənizdə antiterror əməliyyatları, dəniz neft-qaz infrastrukturunun mühafizəsinə yönəlib. Manevrlərə DSX Sahil Mühafizəsinin gəmiləri ilə yanaşı, Sərhəd Qoşunlarının aviasiyası da cəlb olunacaq.
Lent.az-ın əldə etdiyi bəzi məlumatlara görə, bu ilki dəniz təlimlərdə Sahil Mühafizəsi ilə yanaşı Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin də iştirakı gözlənilir. Təlim çərçivəsində Sahil Mühafizəsi və HDQ-nin birgə əməliyyat imkanlarına da nəzər salınacaq.
Qeyd edək ki, bir həftə öncə DSX rəisi general-leytenant Elçin Quliyev APA agentliyinə açıqlamasında təlimlərin geniş miqyaslı olacağını vurğulayıb. DSX rəisi yaxın vaxtlarda Sahil Mühafizəsinin inventarına ağır silahlarla silahlanmış yeni gəmilərin daxil ediləcəyini də deyib.
Dəniz sərhədlərimiz necə qorunur?
Düz 8 il əvvəl, 2001-ci ildə İran aviasiyası və Hərbi Dəniz Qüvvələri Xəzərdə araşdırmalar aparan ABŞ-Britaniya müştərək şirkətinin “Geofizik” gəmisini ərazidən uzaqlaşdırmaqla, Azərbaycanın sərhədlərini pozmuş və bununla da hərbi əməliyyatlar üçün təhlükə yaratmışdı. O zaman bu faktor dərhal regionun enerji infrastrukturuna milyonlarla dollar investisiya yatırmış, Rusiya və İranla yaxşı münasibətləri olmayan qərb dövlətlərini narahat etməyə başladı. Hadisələr göstərdi ki, dənizdə yeni yataqların istismara açılması və dünyada enerji resurslarına artan tələbat tərəfdaş ölkələrin dəniz təhlükəsizliyini bir nömrəli prioritetə çevirir. Bu sahədə təchizatçı dövlətlərə köməyin göstərilməsi vacibdir.
Xatırladaq ki, Azərbaycanın Silahlı Qüvvələrinin əsas strukturlarından sayılan HDQ dövlətin dəniz təhlükəsizliyinə bilavasitə cavabdehlik daşıyır. Azərbaycanın dəniz sərhədlərini isə quru sərhədlərində olduğu kimi DSX mühafizə edir. Rəsmi Bakının Xəzərdə maraqlarını qorumaq, eləcə də günbəgün artan regional və qlobal terror təhlükəsi fonunda dəniz sərhədlərini, infrastrukturunu mühafizə etmək DSX-nın Sahil Mühafizəsinə həvalə edilib.
Sahil Mühafizəsi nəinki dəniz sərhədlərini mühafizə edir, eləcə də sahil sularında qanunsuz üzən, dənizin müəyyən olunan sahil sularından uzaqlaşan gəmilər, qayıqlar, habelə brakonyerlərlə mübarizə işlərini təşkil edir. Sahil Mühafizəsinin həmçinin Xəzərin Azərbaycan milli sektoruna daxil olan, həmçinin bu ərazidən tranzit olaraq istifadə edən gəmiləri yoxlamaq hüquqları da var.
Son illər ərzində Sahil Mühafizəsinin sıralarına son illər bir neçə sərhəd gözətçi gəmisi, həmçinin istənilən ağır şəraitlərdə əməliyyat apara bilmək üçün avadanlıqlar verilib. Bu avadanlıqlar vasitəsi ilə Sahil Mühafizəsinin dalğıcları 2005-ci ilin dekabr ayında Nardaran yaxınlığında dənizin üzərində qəzaya uğramış An-24 təyyarəsinin qalıqlarını, həlak olmuş sərnişinlərin cəsədlərini dənizin dərinliklərindən çıxarmağa nail olmuşdu.
Sahil Mühafizəsi: tam peşəkar heyət
Sahil Mühafizəsi Azərbaycanda ilk hərbi qurumdur ki, gəmi heyəti tam şəkildə müqavilə əsasında komplektləşdirilib. Gəmilərin əsas heyəti tam peşəkar heyət hesab olunur. Digər Xəzəryanı ölkələrin analoji qurumlarından fərqli olaraq, Azərbaycan Sahil Mühafizəsi daha mütəşəkkil və hazırlıqlı hesab olunur. Eyni zamanda, Sahil Mühafizəsinin gəmiləri Qazaxıstan, Türkmənistan və İranın sərhəd mühafizəsinin gəmilərindən üstün imkanlara malikdir. Məsələn, Qazaxıstan və Türkmənistan Sahil Mühafizə təşkilatlarının inventarındakı üzmə vasitələri əsasən “Qrif” və “Kalkan” tipli katerlərdir. Hansı ki bu gəmilər dənizin daha dərinliklərinə üzə bilmir. Bu gəmilərin arsenalındakı silahlar da nisbətən kiçik ölçülüdür və yaxın məsafəli döyüşlər üçün nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, hazırda Qazaxıstan Sahil Mühafizəsinin inventarına müxtəlif su tutumlu 20-dək kater daxildir. Bunların arasında 1952-1953-cü illərdə tikilmiş 4 ədəd 369 layihəli sahil mühafizə patrul kateri, 6 ədəd ABŞ istehsalı olan “Dontles” tipli kiçik patrul kateri və 2 ədəd “Qrif” tipli patrul kateri, Cənubi Koreyadan alınmış 3 ədəd “Si Dolfin” tipli kater, “SAFE Boats International” şirkətinin istehsalı olan 3 patrul kateri var. Qazaxıstan Sərhəd Qoşunlarının Sahil Mühafizəsi Atırau və Aktau divizionlarından ibarətdir.
Türkmənistan Sərhəd Qoşunlarının Sahil Mühafizəsinin isə bir neçə kiçik su tutumna malik katerinin olduğu bildirilir. Bu katerlərin dənizin dərinliklərinə çıxma imkanları məhduddur.
Enerji savaşları dəniz sərhədlərinə diqqəti artırır
“Nabucco” və Transxəzər layihələrinin reallaşmaya başladığı bir məqamda Xəzər regionunda geosiyasi və buna müqabil olaraq hərbi vəziyyətin dəyişməsi müşahidə olunur. Əsasən də Rusiya və İranın bu beynəlxalq əhəmiyyətli layihələrlə bağlı mövqeləri bu layihələrin reallaşacağı təqdirdə heç də təhlükəsiz olmayacağını deməyə əsas verir. Bu amilləri nəzərə alaraq digər 3 Xəzəryanı dövlət qərb ölkələrinin dəstəyi ilə müvafiq tədbirləri həyata keçirməkdədirlər.
Artıq 2004-cü ildən bu məqsədlə ABŞ tərəfindən “Sərhəd Təhlükəsizliyi Proqramı” çərçivəsində Qazaxıstana yardımların göstərilməsinə başlanıb. Eyni zamanda ABŞ-ın Avropa Komandanlığı tərəfindən Azərbaycan və Qazaxıstana “Xəzər dənizinin Təhlükəsizliyi” proqramı çərçivəsində həm HDQ, həm də Sahil Mühafizə qurumlarına müxtəlif yardımlar göstərilir. Bu yardımlara heyətin bilik və bacarıqlarının artırılması, texniki təminatın, rabitə sisteminin və müşahidə qabiliyyətinin artırılması, sualtı əməliyyatlar, partlayıcıların zərərsizləşdirilməsi və s. daxildir. Onu da qeyd edək ki, hazırda Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi Xəzər dənizində terrorizm, kütləvi qırğın silahlarının (KQS) yayılması, narkotik maddələrin dövriyyəsi və qaçaqmalçılıq kimi təhdidlərlə mübarizə sahəsində əməkdaşlıq edir
Bununla paralel olaraq dövlətin ayırdığı vəsait hesabına DSX tərəfindən Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülür. şəxsi heyət xaricdə keçirilən ixtisas kurslarına göndərilir. Onların sosial təminatının yaxşılaşdırılması istiqamətində xüsusi proqramlar həyata keçirilir. Məlumatlara görə, bu il Azərbaycan Sahil Mühafizəsi dənizdə gəmilərin hərəkətinə nəzarət məqsədi ilə 2 radiolokasiya stansiyası qurmağı planlaşdırır. Yaxın 5 ildə Azərbaycan Sahil Mühafizəsinin donanmasına Rusiya, Ukrayna və Türkiyə istehsalı olan (“Tornado”, “Sobol”, “Qrif” və MTRP-33) yeni katerlərin daxil edilməsi gözlənilir.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: