Bu gün Dövlət Sərhəd Qoşunlarının yaranmasından 90 il ötür. Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayır. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.
Müstəqillik əldə ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. 2002-ci il iyul ayının 31-də isə prezident Heydər Əliyevin imzaladığı sərəncamla sərhəd qoşunları müstəqil qurum- Sərhəd Xidməti kimi fəaliyyə başlayıb. 7 ölkə ilə mövcud 3 min kilometrdən artıq sərhədi qoruyan Dövlət Sərhəd Xidmətinin qısa müddət ərzində onlarla zastavası açılıb, dəniz hüdudlarının qorunması üçün lazımi texnika alınıb.
Bu gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları Fəxri Xiyabanında Heydər Əliyevin məzarının ziyarət ediblər. Daha sonra sərhədçilər Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış memorialın qarşısına əklik qoyaraq, Qarabağ müharibəsi zamanı şəhid olmuş sərhədçilərin məzarlarını ziyarət ediblər.
Daha sonra bayram mərasimi Dövlət Sərhəd Xidmətinin baş idarəsində davam etdirilib. Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və prezidentin hərbi müşaviri Vahid Əliyev xidməti dövründə yüksək nailiyyətlər əldə etdiklərinə görə fərqlənən zabitlərə mükafat təqdim ediblər. Elçin Quliyev Dövlət Sərhədinin mühafizəsi zamanı şəhid olmuş Elton İsgəndərova ölkə prezidentinin sərəncamı ilə verilmiş «Milli Qəhrəman» ordenini onun ailəsinə təqdim edib.
Sərhəd Xidmətinin yaranmasının 90-cı il dönümü mərasimində həmçinin 82 gənc zabit sərhədçi and içib. Mərasimdə çıxış edən Elçin Quliyev hazırda Dövlət Sərhədlərinin etibarlı əllərdə olduğunu bildirib. Onun sözlərinə görə, 2009-cu ilin ötən 7 ayı ərzində 2842 sərhəd pozucusu saxlanılıb, 227 kq narkotik maddənin ölkəyə keçirilməsinin qarşısı alınıb, axtarışda olan 668 nəfər tutulub və təxminən 2 milyon 50 min manat dəyərində qaçaqmal müsadirə olunub.
Qeyd edək ki, Azərbaycan respublikasının ərazisi - 86,6 min kvadrat kilometirdir. Sərhədlərinin ümumi uzunluğu isə 3471 kilometrdir. Bunun 825 kilometri su sərhədidir. Cənubdan İranla 756 kilometr, Türkiyə ilə 13 kilometr, Şimaldan Rusiya ilə 390 kilometr, şimali-qərbdən Gürcüstan ilə 480 kilometr, qərbdən Ermənistan ilə 1007 kilometr həmsərhəddir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 1988-1994-cü illərdə işğal olunmuş əraziləri - 13 min 210 kvadrat kilometr, Dağlıq Qarabağın sahəsi 4400 kvadrat kilometr təşkil edir. Hal-hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də Ermənistanın tam nəzarəti altındadır. /ANS TV/