Dövlət qurumları tədbirləri rəsmi qaydalarla keçirəcək
30 Aprel 2014 Çərşənbə 20:26
Dövlət qurumları artıq tədbirləri rəsmi qaydalarla keçirəcək. Prezident İlham Əliyev bu haqda fərman imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin yeni xərc normalarını bir ay müddətində müəyyən etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu dərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət büdcəsindən maliyyələşən digər təşkilatlara tapşırılır ki, bu fərmanla təsdiq olunmuş Qaydaların tələblərinə ciddi riayət etsinlər və həmin Qaydalara uyğun olaraq, müvafiq razılaşdırma prosedurları aparılmadan beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı hər hansı öhdəlik götürülməsinə yol verməsinlər.

Bu Qaydalar "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə" Azərbaycan Prezidentinin 2013-cü il 19 dekabr tarixli fərmanının 3.6-cı bəndinə uyğun olaraq hazırlanıb və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi mexanizmini müəyyən edir.

Tədbirlərin keçirilməsi ilə bağlı öhdəlik götürülməsi dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən xarici dövlətlərlə, habelə yerli və (və ya) beynəlxalq təşkilatlarla danışıqlar aparılmasını, tədbirlərin keçirilməsinə razılığın verilməsini və öhdəlik nəzərdə tutan sənədlərin (qərarların, protokolların, bəyannamələrin və s.) qəbul edilməsini nəzərdə tutur.

Bu Qaydaların 1.4-cü bəndində göstərilənlər istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı təkliflərin verilməsi və öhdəlik götürülməsi birbaşa həyata keçirilir.

Aşağıdakı qurumlar tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı təkliflərin verilməsi və öhdəlik götürülməsi onların tabe olduqları dövlət orqanları vasitəsilə həyata keçirilir:

- mərkəzi icra hakimiyyəti orqanlarının strukturuna daxil olan qurumlar və ya tabeliyində olan digər qurumlar;
- yerli icra hakimiyyətinin başçısı yanında olan qurumlar və ya yerli icra hakimiyyəti başçısının tabeliyindəki hüquqi şəxslər.

Tədbirlərin keçirilməsi üçün dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar tərəfindən tədbir keçirilməsi ilə bağlı təklif verilməsi və öhdəlik götürülməsi mexanizmi bu Qaydaların 2-ci və 3-cü hissələrinə uyğun olaraq tənzimlənir. Həmin təşkilatlar tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı təkliflərin verilməsi və öhdəliklərin götürülməsi onların fəaliyyət sahəsi üzrə dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı vasitəsilə aparılır.

Bu Qaydalar dövlət büdcəsindən maliyyələşən təşkilatların dövlət büdcəsi üzrə xərclərində nəzərdə tutulan təxsisatlar çərçivəsində beynəlxalq və ölkə səviyyəli tədbirlərinin keçirilməsinə, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbuluna şamil olunmur.

Hər il növbəti il üçün dövlət büdcəsinin layihəsi hazırlanarkən dövlət büdcəsindən maliyyələşən təşkilatların növbəti ildə Azərbaycan Respublikasında beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı təklifləri tədbirin keçiriləcəyi büdcə ilindən əvvəlki ilin iyul ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilir.

Keçirilməsi növbəti büdcə ilindən sonrakı il (illər) üçün nəzərdə tutulan tədbirlərlə bağlı təkliflər xarici dövlətlər, habelə yerli və (və ya) beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürülməsinin son tarixindən əvvəlki ilin iyul ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilir.

Təqdim edilmiş təkliflərə aşağıdakı məlumatlar əlavə olunur:

- tədbirin adı;
- tədbirin məqsədi;
- tədbirin keçirilməsinin məqsədəuyğunluğunun əsaslandırılması;
- tədbirin təşkilatçıları;
- tədbirdə iştirakı nəzərdə tutulan şəxslərin (xarici iştirakçılar göstərilməklə) sayı;
- tədbirin keçiriləcəyi yer, ehtimal olunan tarixi;
- Azərbaycan Respublikası tərəfindən tədbirdə iştirak edəcək təşkilatların adı;
- tədbirin keçirilməsi üçün ehtimal olunan xərclər, o cümlədən Azərbaycan Respublikası tərəfindən təşkilatçıların (dövlət büdcəsindən maliyyələşən) üzərinə düşən xərclərin məbləği;
- Azərbaycan Xarici İşlər Nazirliyinin tədbirin məqsədəuyğunluğu barədə rəyi (beynəlxalq səviyyəli tədbirin keçirilməsi nəzərdə tutulduqda).

Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən növbəti büdcə ilində (illərində) keçirilməsi nəzərdə tutulan tədbirlərə dair təkliflərə baxır, həmin tədbirlərlə bağlı məlumatların əks olunduğu ümumi siyahını fərdi və icmal maliyyə tutumu barədə rəyi ilə birlikdə cari ilin avqust ayının 1-dən gec olmayaraq Nazirlər Kabinetinə təqdim edir.

Nazirlər Kabineti cari ilin sentyabr ayının 1-dək bu Qaydaların 2.4-cü bəndində göstərilən ümumi siyahı üzrə tədbirləri və onların maliyyə tutumunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq edir və növbəti ilin (illərin) dövlət büdcəsi layihəsində nəzərə alınması üçün Maliyyə Nazirliyinə göndərir.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tədbirlərin keçirilməsi ilə bağlı öhdəlikləri yalnız bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş qaydada təkliflər verildikdən və tədbirlərin ümumi siyahısı və maliyyə tutumu Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra götürürlər.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən bu Qaydaların 3.1-ci bəndinin tələblərinə riayət edilmədən tədbirin keçirilməsinə dair razılıq verilməsinə və öhdəlik nəzərdə tutan sənədlərin (qərarların, protokolların, bəyannamələrin və s.) qəbul edilməsinə yol verilmir.

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar bu Qaydaların 2.5-ci bəndinə əsasən Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlərin ümumi siyahısına və maliyyə tutumuna uyğun olaraq xarici dövlətlər, habelə yerli və (və ya) beynəlxalq təşkilatlar qarşısında maliyyə öhdəliyi götürür və tədbirləri həmin siyahıda nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar