Dövlət Baytarlıq Xidməti daha bir monitorinqə başladı
02 May 2011 Bazar Ertəsi 16:47
Ölkədə “quş qripi” ilə bağlı vəziyyətin nəticələri mayın 13-də açıqlanacaq.
“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını nəzərdə saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin növbəti monitorinqinə bu gün - mayın 2-də start verilib.
Belə ki, monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, eləcə də “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Bu nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi, eləcə də monitorinq müddətində ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarda saxlanılan quşlardan nümunələrin götürülməsi nəzərdə tutulur.
Köçəri və ev quşlarından götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr mayın 13-də ictimaiyyət üçün açıqlanacaq. Dövlət Baytarlıq Xidməti xüsusi olaraq vurğulayır ki, hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: