Dondurma bazarından 82 faizi gizli qalır
17 Avqust 2009 Bazar Ertəsi 11:55
Əgər bizim Dövlət Statistikasına inansaq, ölkənin bir sakini ildə orta hesabla 185 qr. və ya cəmi bir porsiya dondurma yeyir

 

Son illər dondurma satışı həddindən çox genişlənib. Satıcılar geniş çeşiddə həm ölkədə, həm də xaricdə istehsal olunmuş dondurma təklif edirlər: qaymaqlı, şokoladlı, meyvəli, qəhvəli. və s.

Bu ilin I yarısında Azərbaycana xaricdən, əsasən, Fransa, Türkiyə, Rusiya (idxal olunan dondurmanın yarısından çoxu onun payına düşür), Ukrayna və Almaniyadan, ümumi məbləği 1,275 mln. manat olan 548 ton dondurma göndərilib ki, bu da keçən ilin müvafiq dövründə olduğundan 70 ton azdır.

Göndərişləri ən çox azaldan Türkiyə olub. Bəs idxalın azalması nə ilə izah olunur? Daxili istehsalın artması buna cavab ola bilərdi, lakin Dövlət Statistika Komitəsi ilin I yarısında onun azaldığını bildirir. Belə ki, həmin dövr ərzində cəmisi 128,4 ton dondurma istehsal olunub (100 ton az). Fəqət bu göstərici mövcud dondurma satışı şəbəkəsi ilə təsdiq olunmur. Satıcıların sözlərinə görə, hətta son günlər havaların soyuması üzündən satışların cüzi azalması belə bütövlükdə tələbə ciddi təsir göstərməyib. Vətəndaşların bu məhsula olan tələbatı xeyli yüksək səviyyədə olub. "Bir mobil soyuducu ən çoxu iki gündən bir tam təzələnir. Alıcılar həm yerli, şəm də idxal olunmuş məhsulları alırlar", -deyə mağazalardan birinin müdiri Südabə xanım Turana bildirib.

Statistikaya görə, ABŞ-da adambaşına dondurma istehlakı orta hesabla 30 kq, Avropada 10-12 kq, Rusiyada 5 kq, Belorusiyada 3-4 kq təşkil edir. Ermənistanda yanvar-iyun aylarında 1767 ton (həmin dövrdə Azərbaycanda istehsal olunmuş dondurmadan 14 dəfə çox) dondurma istehsal edilib və onun adambaşına istehlakı 0,5 kq olub . İdxalla birlikdə həmin göstərici ilin sonuna qədər 1 kq-dan az olmayacaq. Əgər bizim Dövlət Statistikasına inansaq, belə çıxır ki, ölkənin bir sakini ildə orta hesabla 185 qr. və ya cəmi bir porsiya dondurma yeyir. Statistika israr edir ki, bu sahədə keçən il idxal və yerli istehsalın ümumi həcmi 1,6 min ton təşkil edib. Lakin hətta əhalisinin sayı 8,7 mln. nəfər olduğu Azərbaycanda bu il həmin göstəricinin olduğunu nəzərə alsaq, onda istehlakın ümumi həcmi ən azı 8,7 min ton olmalıdır. Belə çıxır ki, xəlvəti bazarın payına tələbin az qala 82% düşür.

Bu gün 100 qram dondurmanın qiymətinin 0,3 manat civarında dəyişdiyini nəzərə alsaq, onda bazarın dövriyyəsinin ən azı ildə 24 mln. manata çatdığı qənaətinə gəlmək olar. Vəziyyətin paradoksallığı həm də ondan ibarətdir ki, yerli dondurma hələ ixrac da edilir.

Rəsmi məlumatlara görə, bu ilin I yarısında ümumi dəyəri $91,4 min olan 40,5 ton dondurma ixrac edilib (sifarişçi Gürcüstan olub).

Bəs bu bazarın qəribəlikləri bununla başa çatırmı? Aparıcı dondurma istehsalçılarından biri olan "AER" şirkətinin etiraf etdiyi kimi, son illər bu bazarda müəllif hüquqlarının pozulması halları çoxalıb. Məsələn, onlar bazarın başqa bir oyunçusu "Malik LTD" şirkətindən şikayətlənirlər. O, son 4 il ərzində kütləvi surətdə "Maqnoliya" və "Belıe noçi" dondurma növlərini istehsal edir, halbuki onların patentini "AER" şirkəti alıb. Məhkəmə və digər araşdırmalara baxmayaraq, bu cür hüquq pozuntuları hələ də davam etməkdədir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) Turana bildiriblər ki, həmin məsələ üzrə "AER" şirkəti onlara müraciət etməyib. Yeri gəlmişkən, cari ilin may ayından başlayaraq, Komitə bazarın monitorinqini həyata keçirir və bunun nəticəsində dondurma istehsalı ilə məşğul olan yalnız bir fiziki şəxsin fəaliyyəti dayandırılıb.

Əcəba, doğrudanmı bazarda hər şey bu dərəcədə idealdır? "İstisna etmək olmaz ki, Bakıda fəaliyyətinə nəzarət edə bilmədiyimiz onlarla gizli müəssisə işləyir və biz onları yalnız təsadüfən və ya kiminsə şikayəti əsasında aşkar edirik. Mənşəyi şübhə doğuran malları almaq yolu ilə nəzarətə gəldikdə isə, biz hətta bunu da öz cibimizin hesabına edirik", -deyə Turana SMPDK-da bildiriblər.

Dövlət strukturlarının mövqeyi və son illərdə qeyri-leqal dondurma bazarının genişlənmə təmayülü, onun keyfiyyət baxımından yüksəlişinə rəğmən, göstərir ki, ən yaxın perspektivdə bu istiqamətdə vəziyyət dəyişməyəcək. /Turan/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar