Dolu Şamaxı rayonuna ziyan vurdu
24 May 2011 Çərşənbə Axşamı 11:27
Dolu Şamaxı rayonuna ziyan vurdu. Ağacların yarpaqları, meyvələri tökülüb, taxıl tamamilə yatıb.
Ötən gün Azərbaycanın Şamaxı rayonuna yenidən dolu yağıb. Rayonun Quşçu kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, axşam saat 20:00 radələrində başlayan dolu yağıntısı 45 dəqiqəyə yaxın davam edib. Kənd sakinlərinin sözlərinə görə, dolu qoz-fındıq böyüklüyündə olub. Ardınca isə leysan xarakterli güclü yağış yağıb.

Nəticədə bəzi həyətyanı sahələri su basıb, kəndlilərin otlaq, taxıl sahələrinə ziyan dəyib.

“Ağaclarda nəinki dəyməmiş meyvələr, yarpaqlar belə tökülüb. Zəmilərdə taxıl tamamilə yatıb”, deyə kənd sakini Gülhəsən Şeydayev bildirib.

Qeyd edək ki, yağıntı rayonun bir necə kəndində müşahidə edilib.

Xatırladaq ki, may ayının 13-də də Şamaxı rayonuna yumurta boyda dolu yağmışdı. 10-15 dəqiqə davam edən yağıntı nəticəsində 800-ə yaxın evin damı zərər çəkib, mənzillərin pəncərələri və maşınların şüşələri sınmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar