DİN “Sərhəd” əməliyyatını başa çatdırdı
15 Aprel 2010 Cümə Axşamı 17:55
16 nəfər tutulub, külli miqdarda silah-sursat götürülüb.
Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyat-axdarış tədbirləri sona çatıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında razılaşmaya əsasən 2010-cu il aprelin 6-dan 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində axtarışda olan bir neçə nəfər tutulub, külli miqdarda isə silah və sursat ələ keçirilib.
Əməliyyatın keçirilməsində əsas məqsəd transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin və digər qanunsuz əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması olub.
Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 16 nəfər tutulub, Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən axtarışda elan edilmiş 10 nəfər, şübhəli qismində isə 8 nəfər saxlanılıb. Qanunsuz saxlanılan 8 avtomat silah, 7 tapança, 45 ədəd yivli və ov tüfəngi, 25 qumbara, 32 adda hərbi ləvazimat, 4000-dən çox isə müxtəlif çaplı patron götürülüb.
Keçirilən tədbirlər zamanı 293 inzibati hüquqpozma faktı üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.
Bu kimi tədbirlərin yenə də keçirilməsi davam etdiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: