DİN-dən yazan baş redaktor cəzalandırıldı
03 Fevral 2010 Çərşənbə 18:30
Əyyub Kərimov 1 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum olunub
Fevralın 3-də Yasamal rayon məhkəməsində daxili işlər naziri Ramil Usubovun baş redaktor və vəkil Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi başa çatıb.
Hakim Xaqani Tağıyevin sədrliyilə keçirilən prosesdə Əyyub Kərimov çıxış edib. O, çıxışında özünü təqsirli bilmədiyini və heç kimə böhtan atmadığını söyləyib.
Prosesdə hökm elan olunub. Əyyub Kərimov Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi tutulmaqla, 1 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum olunub.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov Əyyub Kərimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) iddia qaldırıb. Buna səbəb Əyyub Kərimovun “Azadlıq” və “Femida 007” qəzetlərində Daxili İşlər Nazirliyi haqda yazdığı məqalələr olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: