Dəniz körpüsü 2015-ci ildə istifadəyə veriləcək
18 Dekabr 2009 Cümə 10:55
Dəniz körpüsü 2015-ci ildə istifadəyə veriləcək. Körpünün tikintisinə 1 milyard dollar vəsait sərf olunacaq.
Nəqliyyat Nazirliyində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin “Bakı buxtasında dəniz körpüsünün tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması” layihəsi üzrə müzakirə protokolu imzalanıb. Bu barədə Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.
Protokolu Beynəlxalq Agentliyinin layihə-tədqiqat qrupunun rəhbəri Ço Sanq-Vu və Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov imzalayıblar. Belə ki, layihənin məqsədi Bakı buxtasında dəniz körpüsünün tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması vasitəsilə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsidir.
Xatırladaq ki, Koreya hökuməti “Koica” layihəsinin 2009-2011-ci illərdə həyata keçirilməsi üçün 1,6 milyard dollar həcmində vəsait ayırıb.
Qeyd edək ki, Bakının Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dənizin üzərindən salınacaq körpünün əsas hissəsinin uzunluğu 14,5 km təşkil edəcək. Bakını əhatə edən dairəvi yola birləşəcək körpünün kommunikasiyaları ilə birlikdə ümumi uzunluğunun isə 26 km olacağı gözlənilir. Körpünün bir hissəsi dor ipləri, bir hissəsi isə dayaqlar üzərində tikiləcək. Körpünün altından 40 min tona qədər dedveydi olan gəmilər keçə biləcək.
Koreya tərəfi bu körpünün tikintisinə təxminən 1 milyard dollar həcmində vəsait ayıra biləcəyini qeyd edib. Ümumilikdə, dəniz körpüsünün 2015-ci ilə qədər tikilib istifadəyə verilməsi planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: