Dəmir yolunda qiymətlər qaldırılacaq
13 Oktyabr 2009 Çərşənbə Axşamı 15:30
Dəmir yolunda da qiymətlər qaldırılacaq. Yeni təkliflərin yer aldığı məktub artıq Tarif Şurasına təqdim olunub.
“Azərbaycan Dəmir Yolları” QSC sərnişindaşımada qiymətlərin qaldırılmasına dair Tarif Şurasına rəsmi təklif göndərib. Bu barədə QSC rəhbəri Arif Əsgərov bildirib.
"Təkliflərin yer aldığı məktub artıq Tarif Şurasına təqdim olunub”, - deyə o bildirib.
Əsgərovun sözlərinə görə, hazırda dəmir yolunda biletin orta qiyməti 3,5 manatdır (4,3 dollar).
"Hazırda Azərbaycanın dəmir yolunda orta qiymət 3 manat 50 qəpikdir. Başqa nəqliyyat növlərində isə sərnişindaşımanın qiyməti qat-qat bahadır. Dəmir yolunda biletin qiyməti 3-4 manat olduğu halda, avtomobil nəqliyyatı ilə bir sərnişinin daşınması 10-15 manatadır", - deyə o vurğulayıb.
O bildirib ki, qiymətlərin aşağı olması sərnişindaşıma təsərrüfatında problemlər yaradır. "Daima vaqonların yaxşı saxlanmasını və sərnişindaşımanın təhlükəsizliyini təmin etmək lazımdır", - deyə Əsgərov bildirib.
Qiymətlərin nə qədər artacağına gəlincə, Arif Əsgərov bu barədə qəti fikir söyləməyib. Onun sözlərinə görə, bu məsələ Tarif Şurasının dəmir yol təsərrüfatının vəziyyəti və digər amillər barədə gəldiyi qənaətdən asılı olacaq.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: