“1918-1920-ci illər milli tariximizin şanlı dövrüdür”
27 Aprel 2011 Çərşənbə 11:06
“Azərbaycan türkü 1918-1920-ci illərdəki fəaliyyəti, dövlət quruculuğu sahəsindəki işləri ilə müstəqilliyə layiq olduğunu göstərdi”
Bakı. Rəşad Süleymanov – APA. Tarix elmləri doktoru, professor Nəsib Nəsiblinin APA-ya müsahibəsi
- Nəsib bəy, bir tədqiqatçı olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin 1918-1920-ci illər ərzində yürütdüyü xarici siyasətə baxışınızı bilmək istərdik. Tarixdə 23 ay mövcud olmuş cümhuriyyətin xarici siyasətini necə qiymətləndirmək olar?
- 1918-1920-ci illər milli tariximizin şanlı dövrüdür. Çünki tarixdə ilk dəfə olaraq milli demoktratik dövlətin əsası qoyulmuşdu. Çətin və keşməkeşli bir dövrdə cümhuriyyət öz müstəqilliyini dünyaya tanıtmaq istiqamətində kifayət qədər ciddi mübarizə apardı. Çox təəssüf ki, bu dövlətin ömrü 23 ay çəkdi və bu müddətin böyük hissəsi Azərbaycanın yad qüvvələrdən təmizlənməsinə sərf olundu. Azərbaycan türkü 1918-1920-ci ildəki fəaliyyəti, dövlət quruculuğu sahəsindəki işləri ilə müstəqilliyə layiq olduğunu göstərdi. Bundan sonra 70 illik sovet dövrü başladı. Bu dövrdə 23 ayın üstündən qara xətt çəkmək, xalqın yaddaşından silmək cəhdləri oldu. Amma yenə izlər itmədi.
Demokratik cümhuriyyətin xarici siyasətinin 3 əsas istiqamətini göstərmək olar: Elan olunmuş müstəqilliyin dünyaya tanıdılması və qəbul etdirilməsi; Qonşu ölkələrlə normal mehriban qonşuluq münasibətləri qurmaq cəhdləri; Azərbaycanın gələcək inkişafını təmin edən xarici siyasətin şərtlərinin təmin olunması.
- Azərbaycan Demokratik Cümhuriyyətinin I Dünya müharibəsindən yeni çıxmış və siyasi dəyişikliklərin mövcud olduğu qonşu ölkələrlə münasibətləri necə qurulmuşdu?
- Azərbaycan az vaxt ərzində bir neçə ölkə ilə normal münasibətlər qurmağa nail oldu. Hansı ki, bu dövlətlərlə Azərbaycanın geopolitik maraqları da uyğun gəlirdi. Bunların başında Osmanlı dövləti dayanırdı. Osmanlı dövlətinin cümhuriyyətin qurulmasında, Azərbaycan türklərinin varlığında danılmaz və böyük rolu olub. Gürcüstanla da normal münasibətlər qurulmuşdu. İranla münasibətlərin qurulması çətin başlasa da, normal inkişaf yolunda davam etdi. Ermənistanla münasibətlər isə müharibə şəraitində keçdi və demək olar ki qurulmadı. Rusiya ilə də münasibət qurula bilmədi. Çünki Rusiya keçmiş çar Rusiyasının varisi olduğunu sübut elədi və bu, Azərbaycanın işğalı ilə nəticələndi.
- Azərbaycan cümhuriyyətinin müstəqilliyini elan etdikdən bir neçə gün sonra ilk imzaladığı sənəd Osmanlı dövləti ilə Batum müqaviləsi oldu. Bu müqavilə barədə nə deyə bilərsiniz?
- Bununla bağlı çox yazılıb. Əsası o idi ki bu müqavilə yeni elan olunmuş Azərbaycanın varlığını qorumaq üçün imzalanırdı. Osmanlı dövləti də çətin vəziyyətinə baxmayaraq, Azərbaycandan öz yardımını əsirgəmədi. Bundan sonra Azərbaycanın müdafiəsi, Bakının işğaldan azad olunması üçün hərbi qüvvə göndərildi. Borclar verildi, kadrların hazırlanması üçün müəllimlər göndərildi və digər ehtiyacların qarşılanmasında yardımlar oldu.
- O dövrdə İranla münasibətlərin çox çətin qurulduğunu söylədiniz. Bu nədən irəli gəlirdi?
- Qacar xanədanı Arazın şimalında Azərbaycan adlı dövlətin yaranmasından ehtiyatlanır, narahat olurdu. Ehtiyat ondan ibarət idi ki, qacarlar Azərbaycanın İranın tabeliyində olan Azərbaycanla birləşəcəyindən ehtiyatlanırdı. Amma sonda Bakı İranı inandıra bildi ki, münasibətlərin qurulması Azərbaycanın müstəqilliyinin gücləndirilməsinə yönəlib. Bundan sonra İran tərəfinin mövqeyində yumşalma oldu və hətta bəzi əməkdaşlıq planları da ortaya çıxdı. Qacarlar Arazın şimalında müstəqil bir dövlətin olmasını strateji baxımdan öz maraqlarına uyğun gördü. Hətta İran siyasi rəhbərliyinin Azərbaycanla konfederativ birləşməyə dair arzu və istəkləri də vardı. Bundan sonra münasibətlərin normal inkişafı başladı.
- Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətin Paris Sülh Konfransına qatılması dövrün mühüm diplomatik hadisəsi idi. Bir az da bu məsələ üzərində dayanmanızı istərdik.
- Bu, milli tariximizin fəxr edə biləcəyimiz hadisələrindəndir. Nümayəndə heyəti çox hazırlıqlı şəxslərdən ibarət idi və başında da Əlimərdan bəy Topçubaşov dayanırdı. Topçubaşov milli hərəkatın lideri və ideoloqlarından biri idi. Kiçik nümayəndə heyətimiz Azərbaycanın tanıdılması istiqamətində çox fədakar fəaliyyət göstərdi. Az bir vaxtda kiçik həcmli olsa da 20-yə yaxın müxtəlif dillərdə kitablar nəşr olunaraq yayıldı. Həmçinin Parisdə ABŞ prezidenti, Avropanın o dövrkü dövlət xadimləri, digər ölkələrin nümayəndə heyətləri ilə görüşlər oldu. Onların işləri nəticəsində cümhuriyyətin tanıdılması qərarına nail olundu.
- Gürcüstanla münasibətlərdən danışdınız. Azərbaycan Türkiyədən sonra Gürcüstanla hərbi-strateji pakt imzaladı. Azərbaycanın bu qonşu ölkə ilə sonadək diplomatik münasibətlərinin davam etdiyini görürük.
- Dövlətlər arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan Gürcüstana iqtisadi sahədə yardımlar elədi. Gürcü hökuməti də çar ordusundan qalmış silah və döyüş sursatlarını, hərbi ləvazimatları Azərbaycana verdi. Üstəlik gürcü zabitləri Azərbaycan ordusunda işə götürüldü. Ölkələr arasında ərazi və sərhəd məsələlərinin, o cümlədən Borçalı ilə bağlı mübahisənin qalmasına baxmayaraq, münasibətlər normal inkişaf edirdi. Onu da deyim ki, Gürcüstanın diplomatları o zaman tək Gürcüstanın müstəqilliyi üçün çalışmırdılar. Sovet liderləri ilə görüşlərdə Cənubi Qafqazın müstəqillik məsələlərini müzakirə edir, bolşeviklərlə danışıqlarda həm də Azərbaycanın məsələsini qoyurdular.
- O vaxt Borçalı, Dağıstanın Qasımkənd ərazisi və s. kimi poblemli ərazilərin mövcudluğu bölgədə gərginliyi saxlayırdı demək olarmı?
- Bu mübahisələrin olması təbii idi. Bölgədə milli dövlətlər yeni yaranmışdı və sərhədlər əvvəllər olmamışdı. Ona görə də sərhəd məsələsi qonşular arasında mübahisəyə səbəb olmalı idi.
- Azərbaycanın bolşeviklər tərəfindən işğalına dünya dövlətlərinin göz yummasını necə xarakterizə etmək olar? Belə demək olarmı ki, Azərbaycan bu işğalı dünya birliyinə o dövrdə də anlada bilməyib?
- O dövrədə Avropa müharibədən yeni çıxmışdı. Müstəqil dövlətlərin yaranması ilə bağlı siyasi fikir fərqli idi. Müstəqil dövlətlər coğrafiyasının genişləndirilməsi fikrləri yox idi. Avropada bu məsələyə sovetlərlə münasibətlər kontekstində baxılırdı. Məsələn, onlar sovetləri müvəqqəti rejim kimi görürdülər. Düşünürdülər ki, neftlə bağlı məsələdə sovetlərlə razılığa gələ bilsələr, bu məsələlərdə israr etmək lazım olmaz.
- Bəzi tarixçilər Azərbaycanın işğalını o dövrdə xarici siyasətdə, xüsusilə də Rusiya ilə münasibətlərdə yol verilmiş səhvlərlə əlaqələndirirlər. Məsələn, iddia olunur ki, bolşeviklər Bakıya müraciət edərək Denikinə qarşı birgə mübarizə aparmağı təklif edib. Amma Azərbaycan buna nəinki razılıq verməyib, hətta əksinqlabçıları dəstəkləyib. Bu da Azərbaycanın işğalı üçün Rusiyanın əlində bir arqument olub.
- Bu, arqument yox, bəhanə idi. İşğal üçün Rusiya müxtəlif bəhanələr axtarırdı. Ən böyük bəhanə isə fəhlə-kəndli sinfinin Azərbaycan hökumətini “sevməməsi”, inqilab eləməsi oldu. Azərbaycan hökuməti Denikinlə bağlı məsələdə açıq şəkildə bəyan etdi ki, biz müstəqilik və başqa ölkələrin işlərinə qarışmırıq, Rusiya öz problemini özü həll eləsin.
- Cümhuriyyətin süqutundan sonra mühacir Azərbaycan diplomatları fəaliyyətlərini davam etdirdilər. Mühacirət diplomatiyasının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Mühacir diplomatların başında Azərbaycanın Paris konfransında iştirak edən rəsmi nümayəndə heyəti dayanırdı. Mühacirət Azərbaycan siyasi fikrinin inkişafı sahəsində fövqəladə böyük işlər gördü. Mühacir diplomatlarımız Azərbaycan məsələsinin dünyaya tanıdılmasında böyük işlər gördülər. Milli tariximizin fəxr olunası işlərindən biri də məhz mühaciət diplomatiyamız oldu.
DOSTLARINLA PAYLAŞ: