Çexiya prezidenti Səngəçal terminalı ilə tanış olub
18 May 2011 Çərşənbə 15:19
Qonağa terminal və mərkəz barədə ətraflı məlumat verilib
Azərbaycanda səfərdə olan Çexiya prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova bu gün Səngəçal neft terminalı ilə tanış olublar. ANS PRESS-in “AzərTAc”a istinadən verdiyi xəbərə görə, terminalla tanışlıq Xəzər Enerji Mərkəzindən başlanıb. Qonaqlara terminal və mərkəz barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanın neft və qaz hasilatının tarixi barədə təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkəmizdə irimiqyaslı enerji layihələri həyata keçirilib. Bu layihələrin təməlini qoyan ulu öndər Heydər Əliyev Azərbaycana milyard dollarlarla xarici sərmayələrin cəlb edilməsi üçün çox işlər görüb. İlkin olaraq Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə, qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradan gəlir gətirib. Keçən il Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində “Ümid” qaz yatağının açılması ölkəmizə olan diqqəti daha da artırıb. Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində və artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu vardır.
Vurğulanıb ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barrel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib.
Ali qonağa xatirə hədiyyəsi təqdim olunub. Sonra Çexiya prezidenti və xanımı Səngəçal terminalının ərazisini avtobusla gəziblər. Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib.
DOSTLARINLA PAYLAŞ: