Cənubi Qafqazın ikinci ən iri maşın bazarı niyə susur?
11 Aprel 2011 Bazar Ertəsi 23:21
Bazardakı sükutun əsas səbəbi kimi ölkəyə gətirilən avtomobillərin gömrük xərclərinin baha olması göstərilir
Hazırda Cənubi Qafqazın ikinci ən iri maşın bazarı Azərbaycanda yerləşir. Elə aparılan monitorinqlərə əsasən də deyə bilərik ki, ən bahalı avtomobillər də Bakı yollarında şütüyür. Amma satıcılar deyir ki, ötən illərlə müqayisədə bu il ölkəyə gətirilən avtomobillərin sayında gözə çarpacaq dərəcədə azalmalar müşahidə olunur. Buna gömrük xərclərinin baha olmasını əsas gətirirlər.

Bazarda sükutdur. Əslində isə belə olmamalıdır. Çünki maşın bazarlarında bir növ sıxlığa adət etmişik. Elə səbəb axtarışlarımız da çox çəkmir. Bu səssizlik və hərəkətsizliyin əsas səbəbi avtomobil almaq niyyəti ilə bura gələnlərin sayının az olmasıdır. Tələbatın azlığı ölkəyə avtomobil gətirənlərin də sayına təsir edir. Maşınların qiymətlərində axır vaxtlar elə bir ciddi dəyişiklik olmasa da, satıclar deyir ki, yay mövsümünə doğru bazarlarda canlanma olacağı təqdirdə, maşınların qiymətinin qalxması da istisna olunmur. Artımın əsasən Yaponiya istehsallı avtomobillərdə baş verməsi gözlənilir. Bunun da əsas səbəbi həmin ölkədə sunamidən sonra avtomobil zavodlarının fəaliyyətində yaranan fasilələrin istehsala təsiridir.

Satıcı Kamran Rzayev hesab edir ki, tələbat çoxalarsa, qiymətlər qalxacaq. Onun sözlərinə görə, keçən ilə nisbətən ölkəyə maşın idxalı 30 faiz azalıb.

Satıcıların qənaətinə görə, hazırda ölkəyə avtomobil gətirənlərin sayınının azalmasına təsir edən əsas amillərdən biri də gömrük rüsumlarinin yüksək olmasıdır.

Alıcı Elşən Məmmədov deyir ki, xaricdən 5-6 min ABŞ dollarına alınan maşına, ölkədə bir o qədər də gömrük rüsumu tətbiq edilir.

Satıcılar hesab edir ki, indi avtomobil bazarlarında canlanmaya ancaq gömrük rüsumlarının aşağı salınması təsir edə bilər.

Gömrük Komitəsi isə rüsumların endirilməsi barədə hələlik düşünmür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar