Cənub bölgəsində mollalar imtahan verib
01 İyun 2011 Çərşənbə 22:39
Lənkəran üzrə imtahana qatılan 50-yə yaxın molladan ancaq 11-i uğur qazanıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub zonasında mollalar arasında keçirdiyi attestasiyasının nəticələri açıqlanıb. İmtahandan kəsilən mollalar da var. Amma dini idarə ruhani olmaq istəyənlərə yenidən şans verməyi də düşünür.
Lənkəran üzrə imtahana qatılan 50-yə yaxın molladan ancaq 11-i uğur qazanıb. QMİ-nin Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadənin sözlərinə görə, yaxın günlərdə QMİ-nin attestasiya komissiyası bölgəyə yenidən gələcək və müvəffəqiyyətlə keçən axundlar, dini ayinlərin icrasına əməl edənlər qeydiyyata düşəcək: “Cəmiyyət də biləcək ki, bizim ruhanimiz kimdir”.
İmtahanda uğur qazana bilməyənlərə isə dini bilgilərini artırmaq üçün vaxt verilib. Hacı Sədinin sözlərinə görə, attestasiyadan keçməyən məsçid axundları birmənalı olaraq dəyişdiriləcək: “QMİ ölkədə bu proqramı yerinə yetirmək istəyir ki, ölkədə fəaliyyət göstərən ruhanilər günün tələbinə cavab verə bilsinlər. Hərtərəfli, aktual məsələləri də bilməlidirlər. Dini ayinlərin icrasını da gözəl bilməlidirlər. Bu günün ruhanisi bu günün əsl ziyalısı olmalıdır, onlar aparıcı qüvvə olmalıdır”.
Attestasiyadan uğurla keçən mollalardan biri Lənkəranın Liman məsçidinin axundu Haqqəli Zeynalov imtahanın keçirilməsini zəruri hesab edir. Onun sözlərinə görə, elə ruhanilər ruhanilik iddiası edirlər ki, əsl həqiqətdə onların dini anlayışı yoxdur: “Attestasiya axundluğa layiq olub-olmayanları üzə çıxarmaq üçündür. Mən arzu edərəm ki, 3-5 ildən bir attestasiya olsun”.
O deyir ki, attestasiyadan keçənlər də gələn attestasiyaya qədər özündə məsuliyyət hiss edib hazırlıq görər, daha da mükəmməlləşər, kamillləşərlər.
Attestasiyadan keçən mollalara vəsiqələr bu günlərdə komissiyanın rəsmiləri tərəfindən təqdim ediləcək.
Qeyd edək ki, ötən il noyabrın 13-dən başlanan və 3 gün davam edən attestasiya ilkin olaraq Lənkərandan başlanmışdı və noyabrın 12-dən 15-nə kimi Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə 130-dan çox mollanın dini bilgiləri imtahana çəkilmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: