Cəbhə kəndləri qazlaşdırılır
09 Dekabr 2009 Çərşənbə 18:10
Ağdamda ilin sonuna qədər daha 450 evə qaz çəkiləcək
Cəbhə xəttində yerləşən Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində ilin sonuna qədər daha 450 evə qaz çəkiləcək.
Qeyd edək ki, rayona qazın verilməsi 2008-ci ildə bərpa olunub və indiyə qədər Quzanlı qəsəbəsində 400 evə qaz çəkilib. Bu ilin noyabr ayından etibarən qaz çəkilişinin 2-ci mərhələsinə başlanıb. İndiyə qədər qəsəbənin daxilində müxtəlif diametrli polietilin borularla xətlərin çəkilişi yekunlaşıb.
İş icraçısı Kamran Baxışlının sözlərinə görə, ümumiyyətlə Ağdam rayonu üzrə 2500 evin qazlaşdırılması nəzərdə tutulub: “Bunun 400-nü ilin sonuna qədər yekunlaşdıracağıq. Hal-hazırda 10 min m çəkiliş aparılıb və 200 evin çıxışı verilib”.
Qeyd edək ki, bu mərhələdə ümumilikdə müxtəlif yaşayış məntəqələrinin ərazisində 2500 abonentə qaz çəkiləcək.
Ağdam rayon Qaz İstismar İdarəsinin rəisi Rafael Novruzovun sözlərinə görə, bu mərhələ 7 kəndi əhatə edir: “Quzanlı kəndi, Quzanlı qəsəbəsi, Qasımbəyli kəndi, Çullular kəndi, İmamqulubəyli kəndi İmamqulubəyli qəsəbəsi artıq qazla tam təmin edilib”.
Qeyd edək ki, Ağdamdakı bütün abonentlər sayğaclaşdırılıb. Yeni qaz çəkilən evlərə də mavi yanacaq verilmədən əvvəl sayğaclar qoyulacaq. Rayon qaz istismar idarəsindən verilən məlumata görə, qaz pulunun ödənilməsi isə 90-100 faizdir.
R. Novruzov deyir ki, 2010-2013-cü illərdə planlaşdırılır ki, Xındırıstan sovetliyi də qazla təmin olunsun. Xındırıstan və ətraf kəndlər təqribən 3 min abonent olacaq.
Rayon Qaz İstismar İdarəsindən verilən məlumata görə, 2 mərhələ başa çatdıqdan sonra rayonun cəbhə xəttində yerləşən yaşayış məntəqələrinə də qazın verilməsinin bərpasına başlanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: