Buz binaların dustaqları
12 Fevral 2013 Çərşənbə Axşamı 23:14
ANS PRESS yeni tikilən binalarda yol verilən texniki xətalarla maraqlanıb.
Keçən il Azərbaycanda tikilmiş və sakinlərin çoxdan məskunlaşdığı binaların təxminən 8%-i qazlaşdırılıb. Ekspertlər güman edir ki, ölkədə indən belə yeni çoxmərtəbəli bina tikilməzsə, bu sürətlə mövcud binaları təxminən 12 ilə qazlaşdırmaq olar. Bunu iddia etmək üçün elə ciddi araşdırma aparmaq lazım gəlmir, sadə hesab da işə yarayır. «Əmlak bazarı iştirakçıları» İctimai Birliyinin (İB) məlumatına görə, Azərbaycanda 1200-yə yaxın yeni tikilmiş yüksək mərtəbəli bina var ki, bunların təxminən 40%-i qazlaşdırılıb. Yəni bu hesabla ölkədə hələ qazlaşdırmamış 750-yə yaxın bina var, keçən il isə cəmi 60 binaya qaz verilib.
Bayırda soyuq qış günlərinin cərəyan etdiyi bu şəraitdə qazlaşdırılmamış həmin binaların sakinlərinin evlərini qızdırmaq üçün hansı üsula əl atdığını anlamaq da elə çətin deyil. ANS PRESS-in araşdırmasına görə, mənzil yiyələri hər otağa bir ədəd 2-3 kilovatlıq radiator tipli elektrik qızdırıcısı yerləşdirirlər ki, belə bir 2 otaqlı mənzilin elektrikə görə ödədiyi aylıq pul 100 manatı keçir. Belə bir mənzili kombi tipli qaz qızdırıcıları ilə geninə-boluna isidənlər isə ayda ən çoxu 30-40 manat xərcləyirlər.
«Əmlak bazarı iştirakçıları» İctimai Birliyinin məlumatlarından belə aydın olur ki, ölkədə isitmə imkanları belə vəziyyətdə olan 60 minə yaxın mənzil var. ANSPRESS-in araşdırmasına görə, bu mənzillərin yarıya qədəri artıq sahiblərinə təhvil verilib və çoxunda adamlar yaşayır. Qalan yarısının sahibləri isə məhz şəraitsizlik üzündən evlərinə köçə bilmirlər. Yəni on minlərlə mənzil sahibinin oxşar problemlə üz-üzə qaldığı göz qabağındadır və yuxarıda bəhs edilən qazlaşdırma sürəti nəzərə alınarsa, bu problemin yaxın illərdə həll ediləcəyinə inanmaq çətindir. Əslində bu binaların qazlaşdırılmaması təkcə qeyri-rəsmi gəlir əldə etmək məqsədi daşıyan məmurların yaratdığı bürokratik əngəllərdən qaynaqlanmır. Hər halda, iş adamları bu cür xərclərə əvvəldən hazırdırlar və bina tikintisi üçün icazə almağı planlaşdıranda, bütün rəsmi və qeyri-rəsmi ödənişləri nəzər alırlar.
Bu binaların əksəriyyəti məhz qanuni əsası olmadan qazlaşdırıla bilmirlər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən (DŞAK) verilən məlumata görə, çoxmərtəbəli binaların qazlaşdırılması 1989-cu ildə qəbul edilmiş SNiP (stroitelnıe normı i pravila) 2-08.01-89, yəni sovet tikinti norma və qaydaları əsasında gerçəkləşdirilir.
Qeyd edək ki, bu sənəd hazırda Rusiyada da qanuni əsas kimi götürülür və şimal qonşumuz bu sənədi müasir şərtlərə uyğunlaşdırmaq üçün 1993-cü və 1999-cu illərdə ona müəyyən dəyişikliklər edilib. Azərbaycanda isə analoji dəyişikliklər 2005-ci ildə edilərək qanuni qüvvəyə minib. SNiP 2-08.01-89 sənədinin 3.13* bəndinə görə, 11 və daha çox mərtəbəli binaların mənzillərinin mətbəxində mütləq elektrik plitələri quraşdırılmalıdır, yəni binanın qazlaşdırılmasından söhbət getmir.
Əslində sovet praktikasında bu sübuta ehtiyacı olmayan aksioma kimi aydın idi və hündürlüyü 10 mərtəbədən yuxarı olan binalarda heç zaman qaz olmazdı. Həmin binaların mətbəxində elektrik plitələr quraşdırılırdı, binalar isə mərkəzləşdirilmiş qazanxanalardan verilən istilik hesabına qızdırılırdı. Yeni tikilən binaların əksəriyyəti 16-20 mərtəbəli olduğuna görə, bu tikililərin layihələndirilməsi zamanı bu cəhət nəzər alınmalı idi, yəni binanı tikən iş adamları evlərin hansı yolla qızdırmasını layihədə göstərməli idilər. Təbii ki, sovet dövründən qalma istilik şəbəkəsi burada nəzərə alına bilməzdi, çünki bu güclər hətta həmin dövrdə tikilmiş binaları tam isitimək gücündə deyil. Yəni yeni bina tikən iş adamları layihədə həm də mərkəzləşdirilmiş isitmə qurğusunu nəzərdə tutmalı idilər.
Amma ANS PRESS-in araşdırmasına görə, Bakıda tikilən çoxmərtəbəli binaların əksəriyyətinin layihəsində bu məsələ nəzərə alınmayıb. Məsələn, Bakıdan şimalda - Abşeron yarımadasında tikilmiş şəhərciklərdən birində təxminən 7 min mənzil var və bunların heç birində isitmə sistemi nəzərə alınmayıb. Binalar bir-birlərinə o qədər yaxın tikilib ki, mərkəzləşdirilmiş isitmə sistemi yaratmaq da mümkün deyil. İş adamları mənzilləri satarkən hamıya tezliklə qaz olacağını, binaları qazla qızdırmağın mümkün olacağını bildirirlər. Amma şəhərcikdə 2-3 ildir ki, yaşayan 2000-dən çox ailə artıq binalara qazın veriləcəyinə inanmırlar. Ümumiyyətlə, şəhərcikdə 4000-dən çox mənzil satılıb və isitmə məsələsi həll edilərsə, qalan 3000 mənzil üçün alıcı tapılması da elə çətin olmaz.
Lakin bu binaların qazlaşdırılması hüquqi baxımdan ciddi ekspertizalar tələb edir və çox vaxt bu mümkünsüz sayılır. Məsələ bundadır ki, SNiP 2-08.01-89 sənədinin 3.4 bəndinə görə, çoxmərtəbəli binalara qaz verilməsi üçün mənzilin mətbəxdən, tualetdən və hamamdan ayrıca havasorma kanalı olmalıdır. Mənzildə qaz su qızdırıcılarının quraşdırılması üçünsə əlavə havasorma kanalı olmalıdır, mənzilə kənardan hava axını da təmin edilməlidir. İndiyə kimi tikilmiş binalarda bunların əlavə olaraq təmin edilməsi çox çətindir və ciddi ekspertiza tələb edir - 16 mərtəbəli bina üçün bu hər mənzil xəttində 54 paralel boru xətti deməkdir ki, bina sahiblərinin bunu etməsi çox çətindir.
Bu binalara qazın verilməsinin təzyiqlə bağlı texniki problemləri də var ki, yüksəkmərtəbəli binalarda boruların təzyiqdən partlaması və qaz sızması riskini artırır. Sovet dövründə məhz bu problem üzündən çoxmərtəbəli binalara qaz verilmirdi, çünki borular daxili şaxtalarla qalxırdı və istənilən sızma partlayışla nəticələnə bilərdi.
Amma hazırda bu məsələnin açıq balkonla qalxan qaz kəmərləri vasitəsi ilə həll edilməsini mümkün sayırlar. Belə variantda mənzillərin açıq balkonlarda yerləşdirmiş kombi sobaları ilə qızdırılması nəzərdə tutulur. Yəni içəridə yerləşdirilmiş qaz qızdırıcıları ilə müqayisədə yetərincə təhlükəsiz variantdır. Lakin bu variantın da gerçəkləşdirilməsi üçün binalarda ciddi ekspertiza işləri aparılmalıdır. Həm də bu variant yanacağa qənaət, o cümlədən binanın ekologiyası baxımından əlverişli deyil. Çünki bu variantda soyuqda yerləşən soba lazım olandan çox yanacaq sərf edir, həm də evlərin balkonlarında hava çirklənir ki, qış vaxtında evlərin nəfəsləndirilməsi mümkün olmur.
Bu məsələnin ən önəmli tərəfi isə təhlükəsizliklə bağlıdır. Məsələ burasındadır ki, mərkəzləşdirilmiş qazanxanası olan və mətbəxlərində elektrik plitələri quraşdırılmış binaların sakinləri özlərini qaz verilmiş binaların sakinlərindən daha təhlükəsiz sayırlar, xərcləri də elə çox olmur. Məsələn, Bakının Nərimanov prospektində yerləşən belə bir binanın sakinləri qış vaxtı mənzilbaşına ayda istiliyə görə 30 manat verirlər, mənzilin ümumi elektrik xərci isə təxminən 20 manat tutur. Yəni bina sakinləri təxminən kombili evlərdə çəkilən məsrəflə eyni xərc çəkməklə, heç bir məsuliyyət daşımadan istilik probemini həll edirlər.
«Biz heç vaxt mətbəxdə işlətmək üçün qaz çəkilməsini istəmərik, 10 manat baha başa gəlsə də elektrikə üstünlük veririk. Çünki belə daha rahatdır, Allah eləməsin, biri mənzilində qazı açıq qoysa, bütün evi partladar. Belə isə evimizdə daha rahat yatırıq, hər halda, elektrikdən partlayış olmur»,- deyə bina sakinləri bildirirlər.
Göründüyü kimi, doğru sözə zaval yoxdur və Bakıda yeni bina tikmiş iş adamları, onlara qaz xəttinin çəkilməsinə icazə verən rəsmilər bunu nəzərə almalıdırlar. Hər halda, 7 min mənzil tikməyi bacarmış və bundan milyonlarla manat pul qazanmış iş adamlarını 10-15 min manat xərc çəkərək qazanxana tikməyə məcbur etmək çətin məsələ deyil.
DOSTLARINLA PAYLAŞ: