Bürclər bu həftə nə vəd edir?
11 Aprel 2010 Bazar 09:35
12-18 aprel tarixi üçün astroloji proqnoz
QOÇ - Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir həftə düşüb. Belə ki, ayın 16-na qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Maddi sıxıntılarınızın azalacağını bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür.
BUĞA - Risk etməyə lüzum yoxdur. Çünki hazırkı durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Hirsli başla isə hansısa uğura çatmaq absurddur. Amma ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Ayın 14-də bəzi sürprizlərlə rastlaşacaqsınız.
ƏKİZLƏR - Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin. Dedi-qodu və qeybət bütün planlarınızı poza bilər. Həyata ayıq gözlə baxın, özünüzə qarşı tələbkar olun. Astroloji göstəricilər səhhətinizə fikir verməyi məsləhət görür. Uzaq səfərləri isə bacardığınız qədər təxirə salın.
XƏRÇƏNG - Ətrafınızda mövcud olan "səbəbsiz" gərginlikdən narahat olmayın. Ən azı ona görə ki, ixtiyarınızda olan həftə ərzində sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz. Yalnız bazar ertəsi xırda mübahisələriniz mümkündür.
ŞİR - İlk üç günü (12-14 aprel) səbrlə başa vursanız, həftənin qalan günlərində hansısa xoşagəlməzlik olmayacaq. Çünki ulduzlar bu arada şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə, əzmkarlığınızı artırmağınız kifayətdir. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmayın. Ev-mənzil təmirinə başlamaq üçün də yaxşı vaxtdır.
QIZ - Narahatçılığa heç bir əsas yoxdur. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız. Həftənin ortalarında fəaliyyətlə bağlı geniş imkanlarınız açılacaq. Bu isə ayın sonuna qədər maddi durumunuza müsbət təkan verəcək. Şənbə-bazar günlərini daha çox evdə keçirməyə çalışın.
TƏRƏZİ - İşləriniz normal getsə də, bu, bədbin ovqatınıza heç bir müsbət təsir göstərməyəcək. Bilirsinizmi niyə? Çünki bu bədbinliyi özünüz yaradırsınız. Bəlkə bir anlıq hər yerdən təcrid olunub real dünya barədə düşünəsiniz?! Təcrübəli adamlarla məsləhətləşin, müqəddəs ziyarətgahlarımıza baş çəkin. Probleminizin həllini məmurlardan deyil, Tanrıdan istəyin.
ƏQRƏB - Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. Bu arada iş yerini dəyişmək fikrinə də düşməməlisiniz. Proseslərə neytral şəkildə yanaşmaqla gözlənilən təhlükələri dəf edə bilərsiniz. Həftənin ortalarında səhhətinizə fikir verin.
OXATAN - Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Həftənin "ən varlı" zodiak işarəsi də məhz siz olacaqsınız, azı iki dəfə qazanmaq şansınız olacaq. Qida və yuxu rejiminizə fikir verin. Aldığınız təkliflərə isə razılıq verməyə tələsməyin.
OĞLAQ - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki yeni həftənin elə ilk iş günündən bu istiqamətdə uğurlarınız bol olacaq. Siz əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın. 15-17 aprel aralığında yalan vədlər verməyin, yoxsa sonra başınız ağrıyacaq.
SUTÖKƏN - Həftənin ilk günlərində (12-14 aprel) planetlərin bürcünüzdəki neqativ düzülüşü bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın. Yalnız böyük ideyalarınız barədə düşünün. Ətrafınızdakılar tərəfindən sevilməyə çalışın.
BALIQLAR - İstiyə dözümsüzlüyünüz bir az problem yarada bilər. Əgər vaxtında ölçü götürüb, özünüzü istirahət guşələrinə vursanız, qalan məsələlərdə ciddi probleminiz olmayacaq. Həftə ərzində yeni simalarla tanış olacaqsınız ki, bu da gələcəkdə işlərinizin sürətlənməsinə təkan verəcək. 13-15 aprel aralığında şəxsi büdcənizdə müəyyən artımlar olmalıdır.
Astroloji proqnozu Səbuhi Rəhimli təqdim edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: