Bürclər bu həftə nə vəd edir?
18 Yanvar 2010 Bazar Ertəsi 12:00
Bu həftə bürclər nə vəd edir? Dolça bürcü ayın 20-də sürprizlərə hazır olsun.
ASTROLOJİ PROQNOZ
(18-24 yanvar)
QOÇ - 20-22 yanvarı nəzərə almasaq (Ay bürcünüzdə olacaq), həftənin ümumi mənzərəsi ürəyinizcə olacaq. Qarşınızda duran perspektivlərdən maksimum yararlanmalısınız. Ulduzların düzümü ayın 23-də şəxsi işlərinizdə müsbət dönüşün baş qaldıracağına işarə edir. Yaxşı olar ki, həftə ərzində uzaq yola çıxmayasınız.
BUĞA - İxtiyarınızda olan həftəni əsasən maliyyə problemlərinizin həllinə yönəltməyiniz məsləhətdir. Çünki fəaliyyətinizdəki bəzi boşluqlar büdcənizdə ciddi kəm-kəsirlər yaradıb. Ulduzlar sevgi münasibətlərində mövcud olan kobudluğunuzu da aradan qaldırmağa səsləyir. Səbirli olun.
ƏKİZLƏR - Həftənin ən varlı bürcü siz olacaqsınız desək, bəlkə də yanılmarıq. Çünki digər zodiak işarələri ilə müqayisədə sizin qazanmaq şansınız daha böyükdür. Bunun üçün kifayət qədər diqqətli olmalı, hər bir addımınızı dönə-dönə götür-qoy etməlisiniz. Qohumlarla münasibətlərə mülayim mövqedən yanaşın.
XƏRÇƏNG - Ötən həftənin gərginliyindən əsər-əlamət qalmayacaq. Üstəlik, sizə rəğbət bəsləyən adamların əksəriyyəti mövcud sıxıntılarınızı aradan qaldırmağa çalışacaq. Amma gərək siz də mövcud reallıqdan kənara çıxmayasınız. Axı siz Ayda yox, Yer kürəsində, özü də Azərbaycan məmləkətində yaşayırsınız.
ŞİR - Yanvarın 20-dək bütün işlərinizi yekunlaşdırmağa çalışın. Xüsusən də borcla bağlı problemləriniz varsa, onu xətm etməyə səy göstərin. Sonrakı günlərdə isə füsunkar səyahətlər, maraqlı tanışlıqlar yolunuzu gözləyir. Həmkarlarınızla ünsiyyətdə təşəbbüskarlığı əldən verməyin.
QIZ - Görünür, ünsiyyətdə olduğunuz insanları kifayət qədər yaxşı tanımırsınız. Çünki dəfələrlə müşahidə etdiyiniz təqdirdə onlara yenə də inanırsınız. Bir qədər diqqətli və ölçülü-biçili olun. Bunu bacarsanız, həftə boyu heç bir qanqaralığı ilə üzləşməyəcəksiniz. Uzaq yola çıxmağa lüzum yoxdur.
TƏRƏZİ - Kifayət qədər ciddi uğurlar astanasındasınız. Elə etməlisiniz ki, hər addımınız ətrafdakılar tərəfindən gözlənilməz olsun. Çünki əvvəlcədən bildikləri təqdirdə sizə mane olacaqlar. Ulduzlar yanvarın 22-də ehtiyatlı olmağı məsləhət görsə də, bir gün sonra böyük uğurlar vəd edir.
ƏQRƏB - Bəxtinizdə kifayət qədər riskli bir həftə durur. Əgər özünüzdə cəsarət tapıb ötkəm addımlar atsanız, qarşınıza sipər çəkən istənilən maneəni dəf edə biləcəksiniz. Yanvarın 19-da və 22-də ağlagəlməz yeniliklərin şahidi ola bilərsiniz. Hər şeydən əvvəl səhhətinizi qoruyun.
OXATAN - Ayın 19-nu nəzərə almasaq, bu ərəfədə elə bir xoşagəlməzliklə rastlaşmayacaqsınız. Əksinə, nə vaxtdan bəri yığılıb qalmış problemlərinizin əksəriyyətini ustalıqla dəf edəcəksiniz. Yeni işgüzar təkliflər alacağınız da qaçılmazdır. Amma uzaq səfərə çıxmaq planlarınızı təxirə salmalısınız.
OĞLAQ - Planetiniz olan Saturnun "hakimiyyətdə" olması şanslarınızı xeyli artıracaq. Şəxsi işlərinizdə, fəaliyyətdə, qarşılıqlı münasibətlərdə, həmçinin maliyyə məsələlərində kifayət qədər müvəffəqiyyətə nail olacaqsınız. Səfər üçünsə yalnız çərşənbə axşamı düşərlidir.
SUTÖKƏN - Bürcünüzün ilk dekadasına təsadüf edən bu ərəfə bir çox işlərdə qarşınıza ciddi uğurlar çıxaracaq. Hətta elə hadisələr baş verə bilər ki, bu, uzun müddət normal yaşayışınıza təminat verər. Bu səbəbdən də əzmkarlığınızı artırmalı, daha taktikalı gedişlər etməlisiniz. Ayın 20-də sürprizlərə hazır olun.
BALIQLAR - Səhhətinizə ciddi fikir versəniz, həftədən narazı qalmayacaqsınız. Nəzərə alın ki, bu ərəfədə spirtli içki, siqaret və duzlu qidalar sizə daha çox mənfi təsir göstərəcək. Bu səbəbdən də ulduzların tövsiyələrinə ciddi yanaşmalısınız. Ciddi gəliriniz olmasa belə, kasıb qalmayacaqsınız.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: