Bu ilin yeni cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək
07 May 2010 Cümə 18:10
Gələn il isə qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsi köçürüləcək.
Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəsisəsində yeni inşa edilmiş kamera saxlama korpusun, əsaslı təmir olunmuş iki mərtəbəli cərrahiyə şöbəsinin, dispanser müşahidə və yeni yaradılmış müayinə diaqnostika, fizioterapiya bölmələrinin açılışı olub.

Tədbirdə ədliyyə və səhiyyə nazirliklərinin, respublikada vərəmlə mübarizə fəaliyyəti ilə məşğul olan qurumların, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

İxtisaslaşdırılmış Müalicə Müəsisəsinin rəisi Nizami Quliyevin sözlərinə görə, 1995-ci ildən 10500-ə yaxın məhbus vərəmə görə müalicəyə cəlb olunub, 2007-ci ildə ilk dəfə olaraq vərəmin çox ağır və ən təhlükəli forması olan “multirezistent” xəstə məhkumların DOTS-plus müalicəsinə başlanıb. Görülən tədbirlər nəticəsində 1995-ci illə müqayisədə 2009-cu ildə vərəmdən ölüm halları 32.5 dəfə azalıb.

Həmçinin Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov yetkinlik yaşına çatmayan və qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsinin inşasından da danışıb. Onun bildirdiyinə görə həmin müəsisələr Bakı İstintaq Təcridxanasının yanında tikilir və ilin sonuna kimi şəhərin mərkəzində yerləşən yetkinlik yaşına çatmayanlar üçün müəssisə, gələn il isə qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsi köçürüləcək.

Nazir müavini regionlarda tikilən cəzaçəkmə müəsisələri barədə də məlumat verib: "Şəki şəhərində yerləşən qarışıq tipli cəzaçəkmə müəsisəsi çox güman ki, yaxın vaxtlarda hazır olacaq. Orada bütün növ rejimlər, o cümlədən istintaq təcridxanası da olacaq. Çalışırıq ki, bu ilin sonuna qədər orada işlər başa çatsın. Lənkəranda da çox böyük işlər görülüb. Gəncə şəhərində də qarışıq rejimli cəzaçəkmə müəsisəsi və istintaq təcridxanası inşa olunur. Eyni işlər Kürdəmir şəhərində də aparılır. Hazırda şimal bölgəsində də yer almağı planlaşdırırıq. Müvafiq icra hakimiyyət orqanları ilə danışıqlar aparırıq, orda da yer ayrılsa, belə bir müəssisə tikmək nəzərdə tutulur”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar