Bu ilin ilk on ayı ərzində Azərbaycanda 27 qadın insan alverinin qurbanı olub
29 Dekabr 2011 Cümə Axşamı 13:56
Bu il 7 azərbaycanlı uşaq xarici ölkə vətəndaşlarına övladlığa verilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın APA-ya müsahibəsi
- Azərbaycanda uşaq və qadınların, ailələrin hüquqlarının müdafiəsi, sosial təminatının yaxşılaşdırılması sahəsində qanunvericilik hansı vəziyyətdədir? Yeniliklər və nəzərdə tutulan dəyişikliklər nədən ibarətdir?
- Ailə, qadın və uşaq problemlərinin həlli daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir və ölkə prezidentinin həyata keçirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu sahədə reallaşdırılan fəaliyyətin mühüm aspektlərindən biri müvafiq hüquqi bazanın formalaşdırılmasından ibarətdir. Bütövlükdə bu gün Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin vəziyyəti qənaətbəxşdir, lakin bu qanunların işləmə mexanizmi ilə bağlı müəyyən problemlər mövcuddur.
Azərbaycanın insan hüquqları sahəsində bir çox Konvensiyalara qoşulması ilə əlaqədar olaraq milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi prosesi davam edir. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. 2011-ci ilin noyabr ayında Milli Məclis Ailə Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edərək qadınlar üçün nikah yaşını 18 yaş müəyyən edən və qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan müvafiq normalar qəbul edilib. Azərbaycan prezidentinin 24 noyabr 2011-ci il tarixli Fərmanına əsasən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun icraçını təmin edən qurumların səlahiyyətləri müəyyən olunub. Habelə mövcud qanunvericiliyin 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununa uyğunlaşdırılması istiqamətində yeni normativ sənədlər qəbul edilib.
Hazırda çətin sosial şəraitdə olan şəxslərin, ailələrin sosial xidmətlərdən istifadə imkanlarının məhdudluğunu nəzərə alaraq, beynəlxalq standartlara cavab verən “Sosial xidmət haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə verilib. Praktika göstərir ki, ehtiyacı olan ailələrə yalnız dövlət tərəfindən maddi yardımların edilməsi onların reabilitasiyası üçün kifayət etmir.
- Azərbaycanda qadın və uşaq problemlərinin həlli üçün dövlət qurumlarından ibarət işçi qrupunun yaradılması nəzərdə tutulur. İşçi qrupunun vəzifəsi nədən ibarət olacaq?
- Belə bir işçi qrupunun yaradılması ilə bağlı komitənin təklifi aidiyyəti qurumlar tərəfindən dəstəklənib, hazırda bu istiqamətdə təşkilati işlər aparılır. Dövlət qurumlarından ibarət işçi qrupunun əsas fəaliyyət istiqamətləri hazırda Azərbaycanda mövcud olan qadın və uşaq problemlərinə diqqətin yönəldilməsi və bu problemlərin həllində səylərin birləşdirilməsindən ibarətdir.
- Sədaqət xanım, qadını məcburi nikaha daxil olmağa məcbur edənlərin və rəsmi nikah olmadan kəbin kəsən dindarların cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan dəyişikliklər nədən ibarətdir və bu cəmiyyətimizə nə verəcək?
- 2011-ci ilin noyabr ayında Milli Məclisi tərəfindən Ailə Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilərək qadınlar üçün nikah yaşını 18 yaş müəyyən edən və qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan müvafiq qanunlar qəbul edildi. Cinayət Məcəlləsinə əlavə edilmiş 176-1-ci maddəyə əsasən qadını nikaha daxil olmağa məcbur etməyə görə 2 min manatdan 3 min manatadək məbləğdə cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF ilə birlikdə Azərbaycanın bölgələrində tədqiqat aparıb. Əhali arasında keçirilən sorğu zamanı məlum olub ki, uşaq nikahlarının yalnız 17 faizi valideynlərin razılığı olmadan baş verib. Bundan irəli gələrək, qanunvericilikdə valideynlər üçün məsuliyyət müəyyən edən dəyişikliklərin edilməsinə böyük ehtiyac var idi.
Rəsmi nikah olmadan kəbin kəsən dindarların cinayət məsuliyyətinə cəlb olunmasına gəlincə isə, bununla bağlı hələlik heç bir qanun qəbul edilməyib.
- Uşaqların övladlığa verilməsi və onların sonrakı həyat şəraiti, tərbiyəsinə nəzarətin həyata keçirilməsi haqqında qaydalar hazırlanıb. Qaydalarda hansı əsas məsələlər nəzərdə tutulur?
- Uşaqların övladlığa verilməsi və sonrakı həyat şəraitinə və tərbiyəsinə nəzarətin həyata keçirilməsi haqqında Qaydalarda Azərbaycan Respublikasının vətəndaşı olan uşağın respublika vətəndaşları tərəfindən övladlığa götürülməsi, Azərbaycanın ərazisində övladlığa götürülənlərin ailələrində uşağın həyat şəraitinə və tərbiyəsinə nəzarətin həyata keçirilməsi, Azərbaycan Respublikası vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayanlar tərəfindən övladlığa götürülməsi, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların konsul idarələrində qeydiyyata alınması ilə bağlı məsələlər öz əksini tapıb.
Övladlığa götürülmüş uşağın həyat şəraitinə və tərbiyəsinə nəzarət etmək məqsədilə müayinə qəyyumluq və himayə orqanının mütəxəssisi tərəfindən övladlığa götürülmənin müəyyən edilməsindən sonrakı ilk üç il müddətində aparılır. Üç il keçdikdən sonra yoxlama müayinəsinin aparılmasının lazımlığı qəyyumluq və himayə orqanı tərəfindən övladlığa götürülən ailə arasında müstəqil həll edilir.
Ailəyə baş çəkmiş qəyyumluq və himayə orqanının mütəxəssisi yoxlama müayinəsinin nəticəsinə əsasən övladlığa götürülmüş uşağın həyat şəraiti və tərbiyəsi haqqında hesabat hazırlayır. Hesabatda uşağın sağlamlıq vəziyyəti, təhsili, onun emosional və davranış inkişafı, özünəqulluq vərdişləri, xarici görünüşü və ailədaxili münasibətləri haqqında məlumat öz əksini tapmalıdır.
- Ombudsman milli və beynəlxalq səviyyədə övladlığa götürülmə ilə bağlı vahid koordinasiyanı həyata keçirən qurum yaradılmasını təklif edib. Buna təklifə münasibətiniz necədir?
- Ölkə prezidentinin 547 saylı, 12 mart 2007-ci il tarixli Fərmanına əsasən Komitə ölkələrarası övladlığa verməni həyata keçirən vahid və mərkəzi qurum təyin edilib. Yerli icra hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, Qəyyumluq və himayə orqanlarında məhdud kadr potensialı və texniki kadrların olması, fəaliyyətlərinin yalnız edilən müraciət əsasında qurulması çətin sosial vəziyyətdə olan uşaqların və ailələrin müdafiəsinin təmin edilməsi sahəsində aparılan islahatları ləngidir. Beynəlxalq və ölkədaxili övladlığa götürmənin bir qurumun koordinasiyasına keçməsi mühüm addım olardı. Fransa, Rusiya, İtaliya və digər dövlətlərin təcrübəsində ölkələrarası və daxili övladlığa götürmə vahid qurum vasitəsilə həyata keçirilir. Bu səbəbdən Azərbaycanda ölkələrarası və daxili övladlığa götürmə ilə bağlı səlahiyyətlərin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verilməsi təklif olunur.
- Bu il neçə uşaq milli və beynəlxalq səviyyədə övladlığa verilib?
-2011-ci ildə Komitə tərəfindən 7 övladlığa götürmə işinə rəy verilib. Belə ki, 7 xarici ailə tərəfindən 7 Azərbaycan vətəndaşı olan uşaq övladlığa götürülüb. Övladlığa götürən ailələrdən üçü xaricdə yaşayan azərbaycanlılardır ki, onlar da Azərbaycanda yaşayan öz qohumunun uşağını, üç əcnəbi ailə uşaq evindən olan qüsurlu uşağı və bir əcnəbi vətəndaş nikaha daxil olduğu azərbaycanlı xanımın uşağını övladlığa götürüb.
Ölkədaxili övladlığa götürmə ilə bağlı bu ilin yekunlarına dair statistik hesabat hələ yekunlaşmayıb.
- Sədaqət xanım, komitədə Azərbaycanda reproduktiv sağlamlıq haqqında qanun layihəsinə dair təkliflər hazırlanırdı...
- Bəli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinə dair təkliflər hazırlayıb və Milli Məclisə təqdim edib.
- Azərbaycanda insan alverinin qurbanları ilə bağlı bu ilin statistikası varmı? Ümumiyyətlə, qadınlardan insan alverində subyekt kimi istifadə olunması, məişət zorakılığının qarşısının alınması ilə bağlı görülən tədbirlər haqqında məlumat verərdiniz.
- Bizdə olan rəsmi məlumata əsasən, 2011-ci ilin oktyabr ayına qədər Azərbaycanda 27 qadın insan alverinin qurbanı olub. Bu il “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram” təsdiq edilib. Həmin proqramda qadın alverinə səbəb olan erkən nikahlar, məişət zorakılığı, işsizlik və s. kimi sosial problemlərin həlli istiqamətində konkret tədbirlər nəzərdə tutulub. 2011-ci il ərzində komitə bu istiqamətdə BMT Əhali Fondu və ATƏT-lə birgə maarifləndirmə işləri aparıb.
“Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları” Nazirlər Kabinetinin 19 dekabr 2011-ci il tarixli, 207 saylı qərarı ilə təsdiq edilib. Məlumat bankına baş vermiş məişət zorakılığı halları barədə, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və onların nəticələri, məsuliyyətə cəlb edilən şəxslər, məhkəmə qərarları və digər məlumatlar daxil ediləcək. Məişət zorakılığı ilə bağlı məlumat bankında toplanmış məlumatların konfidensiallığı komitə tərəfindən təmin edilir. Əvvəllər yalnız cinayət tərkibli məişət zorakılığı hallarının qeydiyyatı aparılırdısa, indiki qanunvericilik aidiyyəti dövlət qurumlarına, yardım mərkəzlərinə daxil olan bütün müraciətlərin qeydiyyatını aparmağa imkan verir.
DOSTLARINLA PAYLAŞ: