Bu ilin sonunadək Azərbaycanda taxıl istehsalı rekord həddə çatacaq. «APA-ECONOMICS»in məlumatına görə, bunu Azərbaycanın kend təsərrüfatı naziri İsmət Abasov bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda taxıl yığımı artıq başa çatmaq üzrədir: «Taxıl yığımı demək olar ki, başa çatıb və hazırda məhsulun 99,6%-i yığılıb. Bir-neçə dağətəyi bölgədə taxıl yığımı havanın sərt olması ilə əlaqədar bir qədər ləngiyib və qısa bir vaxt ərzində ölkədə taxıl yığımı tam başa çatacaq».
İ.Abasov onu da bildirib ki, cari ilin sonunadək Azərbaycanda taxıl yığımı (qarğıdalı daxil olmaqla) rekord həddə çatacaq.
«Bu il Azərbaycanda rekord həcmdə - 3 mln. tona yaxın taxıl məhsullarının istehsal olunacaq ki, bunun da təxminən 2,2 mln. tonunu ərzaq buğdası təşkil edəcək. Bu da, əhalinin ərzaq buğdasına olan tələbatını tam ödəyəcək», - deyə nazir vurğulayıb.
Qeyd edək ki, ötən il Azərbaycanda 904,7 min hektar sahədən ilkin çəkidə rekord səviyyədə - 2 498,3 min ton taxıl (qarğıdalı daxil olmaqla) məhsulu toplanılıb.
APA