Bu gündən Bakının bəzi küçələrində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
23 İyun 2011 Cümə Axşamı 02:31
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məhdudiyyətlərlə bağlı sürücülərə xəbərdarlıq edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümü münasibətilə paytaxtda keçiriləcək hərbi paradla bağlı Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümü münasibətilə iyunun 26-da Bakı şəhərinin Azadlıq meydanında ağır zirehli texnikaların iştirakı ilə irimiqyaslı hərbi parad keçiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ANS PESS-ə bildirib ki, bununla əlaqədar bu gün saat 6.00-dan tədbirin sonunadək “Azadlıq” meydanı və ona bitişik ərazilərdə, o cümlədən Nobel prospekti, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyli küçələri və Zərifə Əliyeva prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Həmçinin Xaqani küçəsi, Keykab xanım Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, Rəsul Rza küçəsi, Xaqani küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti, Azneft dairəsindən keçərək Qurban Abbasov küçəsinədək, Qurban Abbasov küçəsi, Bakı-Astara yolunun 14-cü kilometrinədək bağlanaraq Azadlıq meydanı və Sahil parkı istiqamətlərinə bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Ona görə də bütün əhalidən, o cümlədən sürücülərdən xahiş olunur ki, belə möhtəşəm dövlət əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün qeyd olunan istiqamətlərə avtomobillərdən istifadənin mümkünsüzlüyünü təbii qəbul edərək metro və digər ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar