Bu gün Qurban bayramıdır
27 Noyabr 2009 Cümə 00:00
Bu gün dünya müsəlmanları müqəddəs Qurban bayramını qeyd edirlər.
APA-nın məlumatına görə, İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Bayramla əlaqədar Azərbaycan Nazirlər Kabineti 27-30 noyabr 2009-cu il tarixlərini qeyri-iş günü elan edib.

Dini qurban kəsmə İbrahim peyğəmbərin adı ilə bağlı mərasimdir. “Qurani-Kərim”ə görə, oğlu İsmayılı Allah yolunda qurban kəsməyə hazır olan İbrahim peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir və Allah-təala İbrahim peyğəmbərə oğlu İsmayılın əvəzində qurban kəsmək üçün iki cüt qara qoç göndərir. Bu səbəbdən bütün dünya müsəlmanları hər il İbrahim peyğəmbərin və oğlu İsmayılın xatirinə qurban kəsirlər.

Qurban bayramı Ramazan ayının qurtarmasından 70 gün sonra - zülhiccə ayının 10-da qeyd edilir və adətən 4 gün davam edir. Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Bu müqəddəs bayram münasibətilə bu gün paytaxt Bakıda və Azərbaycanın bütün bölgələrində qurbanlar kəsilir.

APA-nın kollektivi müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Tanrı etdiyiniz duaları və kəsdiyiniz qurbanları qəbul etsin! APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar