Bu gün Qələbə günüdür
09 May 2011 Bazar Ertəsi 10:35
Azərbaycanda faşizm üzərində qələbənin 66-ci ildönümü qeyd edilir
Bu gün 9 may Qələbə günüdür. 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ bayrağının sancılması ilə başa çatıb.

II Dünya müharibəsi illərində Azərbaycanın 3 milyondan çox əhalisindən 700 mini cəbhəyə yollanıb, onlardan təqribən yarısı döyüşlərdə həlak olub. Müharibədə Sovet İttifaqının qələbəsində Azərbaycanın müstəsna xidməti olub. Faşizmin məhvində minlərlə azərbaycanlı qəhrəmanlıq göstərib. Yalnız 43 hərbçimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

1941-45- ci illərdə azərbaycanlılardan ibarət 1124 özünümüdafiə dəstəsi, 15 min nəfərdən ibarət hava hücumundan müdafiə dəstələri də fəaliyyət göstərib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77, 223, 336, 402 və 416-cı milliatıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıb.

Böyük Vətən müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar