Bu gün «Təzəpir» məscidində Qafqaz müsəlmanlarının XII qurultayı keçirilib. Qurultayda Dini Qurumlarlda İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov, Bakı xristian yeparxiyasının rəhbəri Aleksandr və Dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxilov çıxış edərək ölkədə tolerantlığın inkişaf etməsindən danışaraq qurultayın işinə uğurlar arzulayıblar.
Qayqaz Müsəlmanları İdarəsinin və Qazilər Şurasının fəaliyyəti haqqında isə Hacı Salman Musayev və Hacı Sabir Həsənli hesabat veriblər. Hacı Salman qurultaylararası müddətdə bir sıra əlamətdar hadisələrin baş verdiyini bildirib.
Onun sözlərinə görə, QMİ həmçinin Aşura günlərində Məhərrəmlik ayının təziyə günlərində tibbi ehtiyaclar üçün qan verilməsi ənənəsinin əsasını qoyub: «Daha bir ənənə əhalinin dindar hissəsinin halal ərzaq məhsullarına olan ehtiyacı ilə bağlı meydana gəlib. Ərzaq məhsullarına dini baxımdan halallıq zəmanətinin verilməsi mömin insanların bu məhsullardan arxayınlıqla istifadə etməsini şərtləndirir».
Hacı Sabir Həsənli isə Bakı İslam Universitetinin lisenziya almamasını problem kimi qabardıb. O həmçinin qeyd edib ki, lisenziyanın bu həftə verilməsi gözlənilir. Nəzarət-təftiş komissiyasının sədri Eltan Babayev isə komissiyanın hesabatını açıqlayıb. O bəzi məscidlərin yerləşdiyi bələdiyyələrdən şikayət edib: «Bəzi məscidlərin yerləşdiyi bələdiyyələr məsciddən yığılan ianələrdən bələdiyyə ərazisində hansısa işlərin görülməsi üçün ayırmalar tələb edirlər. Pul verilmədikdə isə dindarların fəaliyyətinə mane olurlar». O, mətbuatda gedən yazılarla bağıl iradını bildirərək qeyd edib ki, bəzi qərəzli yazılar yazan insanlar dindar adamlarla bağlı mənfi rəy formalaşdırmağa çalışırlar.
Qazilər Şurasının üzvü Hacı Mirəziz Seyidzadə isə Şuranın fətvasını elan edib. Fətvaya görə, Ramazan ayı avqustun 22-də başlayır. Niyyət axşamı isə avqustun 21-dir. Bayram namazı sentyabrın 20-də və 21-də qılınacaq. Ramazan bayramı sentyabrın 20-21-də qeyd olunacaq. Fitrə isə dörd manat miqdarında müəyyən edilib.
QMİ sədrinin müşaviri Camal Əliyev isə «Dini etiqad azadlığı haqqında» qanuna edilmiş əlavə və dəyişikliklərlə əlaqədar QMİ-nin Nizamnaməsinə edilən dəyişikliklərlə bağlı məlumat verib. Dəyişikliklər səsə qoyularaq yekdilliklə qəbul olunub. Qurultayda çıxış edən Hacı Əbdül isə mədrəsələrin, məscidlərin açılmasına maneçilik törədilməsinin diqqətdə saxlanmasını istəyib. O, həmçinin bir dinin bir neçə icmasının olmasından da narahatlığını bildirib. QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Sədi Axundzadə isə məsciddə yığılan inanələrin vergiyə cəlbindən narazılıq edib. O qeyd edib ki, bəzi məscidlərdən vergilər idarəsində qeydiyyatdan keçmək və ianələrə görə vergi ödəmək tələb edilir. Hacı Allahşükür Paşazadə isə qeyd edib ki, heç kimin ianə puluna müdaxilə etməyə ixtiyarı yoxdur: «İanədən vergi vermək düzgün deyil».
Quba rayonundan olan dindar Hacı Mirələsgər isə dövlətin dindarları normal maaşla təmin etmədiyini bildirib və bu məsələnin nəzərə alınmasını təklif edib. Axund Fariz Nağızadə isə məscidlərin sökülməsinə diqqət çəkib və bununla ölkəmizin rüsvay edildiyini qeyd edib. Müzakirələrdən sonra QMİ-nin beş illik fəaliyyəti qənaətbəxş hesab olunub. Daha sonra beş nəfərdən ibarət nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Qazilər Şurasının isə 31 nəfərdən ibarət üzvləri seçilib və təsdiq edilib.
Qurultay iştirakçıları prezident İlham Əliyevə müraciət də ünvanlayıblar.
Müraciətdə paytaxtda yerləşən bir neçə məscidin təmir, həmçinin QMİ-nin inzibati binasının və Bakı İslam Universitetinin tədris binalarının yenidən inşa olunmasına görə razılıq ifadə olunub. «Biz müsəlmanlar sizin daxili və xarici siyasətinizi hər zaman bəyənir, dəstəkləyir və ölkəmizin, eləcə də regionun rifahı naminə gördüyünüz işlərə Allah-taaladan xeyir-dualar diləyirik»,- deyə prezidentə müraciətdə vurğulanır.
Röya Rəfiyeva /ANS PRESS/